Antimilli şəbəkə xarici havadarları ilə Azərbaycana qarşı yenidən bir arada
24.04.2019 12:34 Sosreaksiya 791
ÇİRKİN KAMPANİYANIN MÜƏLLİFLƏRİ BU DƏFƏ DƏ ÖZ MƏQSƏDLƏRİNƏ ÇATA BİLMƏYƏCƏKLƏR
Azərbaycanın bütün istiqamətlər üzrə surətli inkişafı, həyata keçirilən islahatlar, əldə edilmiş nəticələr ölkəmizin dünyada mövqelərini daha da möhkəmləndirib.
Son 15 ildə Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətə davamlı ölkə kimi nüfuz qazanıb. Mühüm transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması ölkəmizin strateji mövqelərini gücləndirib. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng və vacib əhəmiyyət kəsb edən layihələrin reallaşması və artıq tam işlək vəziyyətə gətirilməsi mərhələsində olması, Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi, qitələri birləşdirməsi, əlbəttə ki, dövlətimizin böyük uğurlarıdır. Sadalanan uğurlara isə müdrik, uzaqgörən, düzgün proqnozlaşdırılan siyasət nəticəsində nail olmaq mümkün olub.
Bu gün Azərbaycan təkcə iqtisadi siyasəti ilə deyil, apardığı xarici siyasəti ilə də dünyada öz yeri, nüfuzu olan dövlətə çevrilib. Ölkəmiz müstəqil xarici siyasət həyata keçirməklə, dünyada cərəyan edən hadisələrlə, qlobal məsələlərə bağlı heç bir tərəfin diqtəsi olmadan, özünün mövqeyini ortaya qoyur.
Azərbaycan dünyanın aparıcı güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri qurub, bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısı olub. Müstəqil dövlətimiz bir çox Avropa İttifaqı ölkələri ilə strateji tərəfdaşlıq əlaqələrinə də malikdir. Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin hazırlanması artıq yekun mərhələyə qədəm qoyub. Bununla yanaşı, bu il Azərbaycan dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edəcək. Prezident İlham Əliyevin xarici siyasəti ilə bərabər, daxili siyasəti, xüsusən də sosial sahədə atdığı mühüm addımlar vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır, tam dəstəklənir. Fransanın "Opinion Way" şirkətinin bu yaxınlarda keçirdiyi sorğunun nəticələri də bunu bir daha təsdiq edib. Əlbəttə ki, bütün bunlar sevindirici haldır.
Azərbaycan vətəndaşı öz liderinə inanır, ona etimad göstərir və ən çətin günündə də məhz ona arxalanır, ondan dəstək alır. Biz buna bu il Şamaxıda baş vermiş zəlzələ, Nizami rayonunda ticarət mərkəzinin yanması zamanı bir daha şahidlik etdik. Dövlət başçısı öz vətəndaşının yanında oldu, onun probleminin aradan qaldırılması üçün lazımi tapşırıqları verdi. Prezident hər zaman şəhid ailələrinin, Qarabağ qazilərinin, qaçqın və məcburi köçkünlərin yanındadır. Bu il ərzində bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı verilmiş qərarlar, ümumiyyətlə sosial sahədə atılmış addımlar inqilab xarakterli islahatlar kimi xarakterizə olunur. Bütün bunlar öz dövlətini, xalqını sevən, onun daim inkişafını, qüdrətlənməsini istəyən insanlarımız tərəfindən böyük qürurla, minnətdarlıqla qarşılanır.
Lakin bu da bir reallıqdır ki, ölkəmizin beynəlxalq birliyin layiqli üzvünə çevrilməsi, regionun güclü dövləti kimi nüfuz qazanması işğalçı Ermənistanı, dünyadakı erməni lobbisini və onların təsiri altında olan qüvvələri ciddi narahat edir. Azərbaycanın uğurlarını həzm etməyi bacarmayan həmin qüvvələr müxtəlif yollarla, o cümlədən, "5-ci kolon" vasitəsilə ölkəmiz əleyhinə kampaniya aparırlar. Bu qüvvələrin sifarişlərini yerinə yetirən "Trensparency İnternational", "Amnisty İnternational", OCCRP və digər bu kimi qurumlar da ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməyə, "sapı özümüzdən olan baltalar" vasitəsilə ölkə daxilində ictimai narazılıq formalaşdırmağa cəhd göstərirlər.
Belə qüvvələr adətən ölkəmizdə hər hansı mühüm beynəlxalq tədbirlər keçiriləndə, yaxud Azərbaycanla bağlı hansısa vacib bir məsələnin son mərhələdə olduğu vaxtda "fəallaşırlar". Çünki sifarişi də məhz həmin vaxt alırlar, qarşılarına qoyulan məqsəd isə Azərbaycanı gözdən salmaq, onun liderinə qarşı şər, böhtan yağdırmaqdır.
Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, Azərbaycanın gündən-günə inkişafı, eyni zamanda, beynəlxalq aləmdə nüfuzunun artması antiazərbaycan şəbəkələrə dinclik vermir və onlar müxtəlif yollarla ölkəmizin imicinə xələl gətirməyə çalışırlar. A.Hüseynov bildirib ki, son 15 ildə Azərbaycan böyük inkişaf yolu keçib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial və iqtisadi islahatlar nəticəsində Azərbaycanda iqtisadi və siyasi sabitlik möhkəmlənib, iqtisadi inkişaf dinamikası davam etməkdədir. Cənab Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət xalqın maraqlarına xidmət edir. Son 15 ildə Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətədavamlı ölkəyə çevrilib". Millət vəkili qeyd edib ki, antiazərbaycan qüvvələr indiyə qədər olduğu kimi, bundan sonra da heç nəyə nail ola bilməyəcəklər: "Artıq Azərbaycan güclü bir dövlətdir, ölkədə güclü xalq-iqtidar birliyi mövcuddur, xalqımız prezident ətrafında sıx birləşib. Belə olan halda isə antiazərbaycan şəbəkələrin niyyətləri heç zaman həyata keçə bilməz".
Millət vəkili Sahibə Qafarova isə bildirib ki, Azərbaycan beynəlxalq müstəvidə güclü, nüfuzlu dövlət kimi tanınır, ölkəmizin dostlarının, tərəfdaşlarının sayı davamlı olaraq artır. Deputat əlavə edib ki, Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, qazanılan möhtəşəm uğurlar ölkəmiz qarşısında yeni perspektivlər açır. Azərbaycanda güclü xalq-iqtidar birliyinin mövcud olduğunu deyən S.Qafarova bildirib ki, xalq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti tam dəstəkləyir, dövlətimizin başçısına sonsuz etimad və rəğbətini ifadə edir: "Fransanın "Opinion Way" şirkətinin bu ilin mart ayında ölkəmizdə keçirdiyi rəy sorğusunun nəticələri bu reallığı bir daha təsdiqləyir. Azərbaycan, həmçinin, milli maraqlara əsaslanan xarici siyasət kursunu müvəffəqiyyətlə davam etdirir, beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir. Şübhəsiz ki, uğurlarımız Ermənistanı, erməni lobbisini, xaricdəki bir sıra antiazərbaycan dairələri ciddi narahat edir. Ona görə də həmin dairələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, ölkəmizin uğurlarının üzərinə kölgə salmağa çalışırlar. Bu məqsədlə müxtəlif vasitələrdən istifadə edirlər. Əlbəttə, məqsəd Azərbaycana təzyiq göstərməkdir, amma bu cür vasitələrlə ölkəmizi inkişaf yolundan və milli maraqlara əsaslanan prinsipial, müstəqil siyasətindən döndərmək mümkün deyil".
Politoloq Zaur Məmmədov isə diqqəti bəzi xarici qurumlara yönəldib və deyib ki, adətən mühüm beynəlxalq hadisələr ərəfəsində Azərbaycanın güclü oyunçu statusunun, imicinin azaldılmasına yönəldilmiş siyasət aparılır. Onun sözlərinə görə, bir sıra xarici dairələr hansısa ölkələrin müstəqil siyasət həyata keçirmələrini və milli maraqlarını üstün tutmalarını sevmirlər: "Biz bunu Suriya, Liviya və digər dövlətlərə münasibətdə gördük".
Politoloq deyib ki, insan hüquqları, bərabərlik, demokratiyanın inkişafına məsuliyyət daşımalı olan beynəlxalq təşkilatlar ikili standartlar siyasəti aparırlar: "Bu gün beynəlxalq təşkilatlar güclü dövlətlərin əlindədir və bunlar həmin dövlətlər üçün öz siyasətlərini həyata keçirməkdə bir vasitədirlər. Məsələn, 1961-ci ildə təsis edilmiş "Amnesty international". Onun veb saytında yazılıb ki, onlar könüllülər tərəfindən maliyyələşdirilirlər, dövlətlərdən, milli hökumətlərdən asılı deyillər. Lakin hamımız bilirik ki, bu təşkilatın arxasında milyarder Corc Soros və digər nüfuzlu oliqarxlar dayanır. Bəzi hallarda bu qurumlar özlərini "demokrat" göstərməyə çalışırlar və guya ki, hansısa Qərb ölkələrini tənqid edirlər, lakin bu, daimi baş vermir. Amma Azərbaycan və Türkiyə kimi ölkələrə münasibətdə bu təşkilatların siyasəti müntəzəmdir. Onlar bəzi ölkələrlə bağlı bir, başqalarına münasibətdə tamamilə fərqli siyasət aparırlar. Bütün bunlar beynəlxalq təşkilatların arxasında lobbiçilik qruplarının durduğunu göstərir".
Şərhlər