Müxalifətdən Əli İnsanovun “partiya yaradıram” açıqlamasına reaksiya
07.05.2019 12:48 Sosreaksiya 1018
Sabiq nazirin təşkilatı ilə kim əməkdaşlıq edəcək?
Sabiq səhiyyə naziri Əli İnsanov ötən həftə “Amerikanın Səsi”nə müsahibəsində yeni siyasi təşkilat yaradacağını elan etdi. Əli İnsanov təşkilatının partiya, birlik və hərəkat formatında təşkilat olub-olmayacağı haqda konkret fikir bildirməsə də, təşkilatın siyasi qurum olacağını bir neçə dəfə təkrarladı. Siyasi təşkilatını yaxın vaxtlarda elan edəcəyini açıqlayan sabiq nazir müxalifətdəki bir sıra qurumların adını da çəkərək müxalifət təşkilatları ilə əməkdaşlıq etməyi düşündüyünü də açıqladı.
Bəs müxalifət partiyaları Əli İnsanovun təşkilatına qoşulacaqmı və ya bu təşkilatla əməkdaşlıq edəcəkmi?
Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a bildirdi ki, Əli İnsanov hələ sadəcə sözdə yeni təşkilat yaradacağının elanını verib. Ortada konkret yaradılmış bir siyasi təşkilat hələ yoxdur: “Ona görə də yaradılmamış, məqsədini, məramını rəsmi elan etməmiş bir təşkilatla əməkdaşlıq edib-etməməklə bağlı danışmağı ciddi hesab etmirəm. Rəsmən yaradılar, baxarıq görək necə təşkilatdır, nədir, nə istəyir, nədən ötrü yaradılıb.
Bunlara aydınlıq gələndən sonra sizin sualınıza cavab verə bilərik. Hazırda isə heç adam özü dəqiq nə yaradacağını sanki bilmir. Sadəcə deyir ki, təşkilat yaradacağıq. Mən axı bu gün üçün bilmirəm ki, nə yaradılacaq. Yaradarlar, bundan sonra mövqeyimizi ifadə edərik”.
ADP sədri Sərdar Cəlaloğlu da bildirdi ki, Əli İnsanov təşkilatını yaratsın, məramnaməsini ortalığa qoysun, o təşkilat əməli mübarizə aparsın, ondan sonra həmin təşkilatla əməkdaşlığın olub-olmayacağı barədə danışmaq mümkündür:““Təşkilat yaradacağam” bəyanatı vermək hələ təşkilatın yarandığı demək deyil. Bəlkə Əli İnsanov elə bir təşkilat yaradacaq ki, biz ona nəinki qoşulmayacağıq, hətta onun əleyhinə olacağıq? İkincisi, nəyə görə bizim qədər uzun illərin müxalifətçilik təcrübəsi olan qüvvə gedib ona qoşulmalıyıq?! Hələ təşkilat yaratmamışdan ortalığa iddia qoyur. Əməkdaşlıq edib-etməmək kimi məsələlər isə siyasi işin gedişatından asılı olacaq. Yaşayırıq görərik".
VİP sədri Əli Əliyev də oxşar mövqe bildirdi: “Əvvəla, uğurlar arzulayıram. İkincisi, Əli İnsanov təşkilatını yaratsın, prinsiplərini elan etsin, ondan sonra baxıb dəyərləndirərik. Bu gün üçün əlavə heç nə söyləyə bilmərəm”.
AĞ Partiya sədri Tural Abbaslı bildirdi ki, Əli İnsanovun müsahibəsini oxuyub: “İnsanov orada bəzi məsələlərə öz yanaşmasını izah etməyə çalışdı və bəzi bəyanatlarla çıxış etdi. Eyni zamanda elə həmin müsahibədə də özünün təşkilatını quracağını elan etdi. Sadəcə olaraq, ”təşkilat" dedikdə nəyi nəzərdə tutduğunu tam açmadı. Yəni bu sözün arxasında konkret olaraq partiyamı, siyasi birlikmi, hərəkatmı və başqa bir formatmı durduğunu qeyd etmədi. İstənilən halda təşkilat quraraq siyasi mübarizəyə qoşulmaq hər bir Azərbaycan vətəndaşı kimi Əli İnsanovun da hüququdur. Buna nə mən şəxs olaraq, nə də AĞ Partiya olaraq hər hansı bir irad bildirə bilmərəm. Bu heç siyasi etik də olmaz. Ona və ətrafına planladığı işlərdə uğurlar arzulayıram. İstənilən halda kimsə özünü hazırkı iqtidara müxalifət düşərgəsində görürsə, biz AĞ Partiya, müxalifət partiyası kimi buna ancaq uğur arzulaya bilərik. O ki qaldı bizim Əli İnsanova qoşulmağımıza, belə bir məsələ bizim gündəliyimizdə yoxdur və belə bir halın müzakirəsi belə edilməyib. Biz partiya olaraq kiməsə qoşulmaq niyyətində deyilik. Gələcəkdə Əli İnsanov təşkilatını qurar, təşkilatın məqsəd və məramını açıq bəyan edər, daha sonra hər hansı əməkdaşlıqdan söhbət edə bilərik. Hələlik isə hər şeyin bu qədər mücərrəd olduğu bir məqamda belə məsələlərə fikir bildirmək ciddi deyil deyə düşünürəm. Biz hər zaman müxalifət düşərgəsinin güclü olmasından yanayıq. Ancaq bu, o demək deyil ki, hər təşkilata qoşulmağa və ya əməkdaşlıq etməyə hazırıq. Bizim üçün bəzi qırmızı xətlər və mənəvi dəyərlər mövcuddur. Partiyamız öz mübarizəsini və fəaliyyətini bu çərçivələr daxilində qurur və yürüdür".
KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə qeyd etdi ki, Əli İnsanovdan və ya onun hər hansı təmsilçisindən KXCP-yə yeni təşkilat barədə, əməkdaşlıq üçün heç bir müraciət yoxdur. Ona görə də bu mövzuda fikir bildirməyi doğru saymır.
Reaksiya.az
Şərhlər