Bütün şaxtalara nəzarət olunur - RƏSMİ AÇIQLAMA

12.08.2015 11:23     Sosreaksiya     1971

Xəbər verildiyi kimi, dünən metronun “Sahil”,  “İçərişəhər” stansiyalarında problem yaranmışdı. Məsələyə açıqlama gətiməsi üçün “Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevə müraciət etdik.

Nəsimi Paşayev metronun hazırki vəziyyət haqqında "Reaksiya"ya məlumat verdi:

“Dünən “28 may-İçərişəhər” mənzilində, “Sahil” stansiyası  ərazisində tuneldə su axınının miqdarında artma müşahidə edildiyi üçün hərəkətə məhdudiyyət qoyulmuşdu. Bilirsiniz ki, tunellərdə yeraltı su axını var. Bu axıntılar bəzən artıb azala bilir. Bunu tənzimləmək üçün 24 saat nasoslarımız işləyir, mütəxəssislərimiz nəzarət edir. Dünən də axıntıda artım müşahidə olunmuşdu. Hər hansı xoşagəlməz hal baş verməsin deyə hərəkət dayandırıldı,  tuneldə heç bir qatar qalmamışdı. Mütəxəssislərimiz axıntının mənbəyini tapdılar, qarşısı alındı və 1 saat 20 dəqiqə sonra hərəkət bərpa olundu”

O, metronun havalandırma sistemi haqqında da danışıb:

“Əvvəlki illərə nisbətən durum daha yaxşıdır, lakin qatarların sayını artırmaq mümkün deyil, çünki maksimum intervalla işləyirik. Qırmızı və yaşıl xətlərimiz "28 may" stansiyasında kəsişdiyindən intervalı bundan aşağı etmək imkanı yoxdur. Havalandırmada da hər hansı  problem yoxdur. Bütün şaxtalara nəzarət olunur, təmir edilir, havalandırma da işləyir. Buna baxmayaraq, vaqonlarda hava yaxşı deyil, bu da kondisioner sisteminin olmaması ilə əlaqədardır. Köhnə vaqonlarda isə kondisioner quraşdırılması  mümkün deyil. Qayda var ki, havanın temperaturu  35 dərəcəni keçərsə bayırdan içəri hava vurulması dayandırılmalı və hava tunellərdə sirkuliyasiya edilməlidir, biz də bunu edirik”.

Nəsimi Paşayev həmçinin qeyd edib ki,  köhnə kartların qeri qaytarılması, yeni “BakıKART”larla əvəz olunmasında, ümumiyyətlə istifadəsində hər hansı problem yoxdur.

 

 

Şərhlər

Çox oxunanlar