Azərbaycan "Boeing 737 MAX-8" təyyarələrini almaqdan imtina etdi
03.06.2019 14:05 Sosreaksiya 732
Azərbaycanın milli aviadaşıyıcısı "Boeing 737 MAX-8" təyyarələrini almaqdan imtina edib.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
"Boeing" korporasiyasına "Boeing 737 MAX-8" tipli 10 sərnişin təyyarəsinin alışı üzrə müqavilənin pozulması barədə məlumat vermişik", - QSC-dən deyiblər.
"Azərbaycan Hava Yolları"ndan həmçinin bildiriblər ki, hazırda digər iri istehsalçılardan sərnişin təyyarələrinin alınmasının mümkünlüyünə dair danışıqlar aparılır.
Qeyd edək ki, 2017-ci ilin aprelində Azərbaycanın "Silk Way Airlines" şirkəti və "Boeing" korporasiyası 10 ədəd "Boeing 737 MAX-8" təyyarəsinin alqısı üzrə saziş imzalayıb. Sazişin ümumi dəyəri, təxminən, 1 milyard dollara bərabər olub. Təchizat üç il ərzində edilməli idi.
Xatırladaq ki, 2018-ci il oktybarın 29-da və bu il martın 10-da bu tip iki təyyarə qəzaya uğrayıb. Birinci halda "Lion Air" aviaşirkətinə məxsus "Boeing 737 MAX" uçuşdan 13 dəqiqə sonra İndoneziyada dənizə düşüb. Qəzada 189 nəfər ölüb. Sonuncu halda isə "Ethiopian Airlines! şirkətinə məxsus "Boeing 737 Max 8" təyyarəsi Efiopiyanın paytaxtı Əddis-Əbəbəki "Bole" hava limanından Keniyanın paytaxtı Nayrobiyə uçuş həyata keçirərkən havaya qalxdıqdan altı dəqiqə sonra qəzaya uğrayıb. Nəticədə 149 sərnişin və 8 ekipaj üzvü ölüb. Bundan sonra qəzanın səbəbləri müəyyən edilənədək "Boeing 737 MAX 8" təyyarələrinin uçuşları dayandırılıb.
"Boeing" korporasiyasının prezidenti Dennis Myulenburq rəsmi olaraq etiraf edib ki, İndoneziya və Efiopiyada "Boeing-737 MAX" təyyarələrinin qəzaları proqram təminatının düzgün işləməməsinə görə baş verib. (report)
Şərhlər