Azay Quliyev Bakıda ilk dəfə təşkil olunan formatdan danışdı

12.06.2019 12:56     Sosreaksiya     769

"Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginliyin zəifləməsinə və yeni yaranmış münaqişələrin tezliklə həll ediləcəyinə olan kövrək ümidləri doğrultmadı".

Musavat.com xəbər verir ki, bu fikri Azərbaycan Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfrasında deyib. O, bildirib ki, bütün bunların əksinə olaraq dünyada, xüsusi ilə ATƏT ərazisində dövlətlərarası münaqişələr alovlanmağa, beynəlxalq terrorçuların, silahlı ekstremistlərin, separatçıların fəaliyyəti daha geniş vüsət almağa, məcburi köçkün və qaçqınların, qanunsuz miqrasiyanın sayı kəskin artmağa başladı və bu neqativ hal indi də davam etməkdədir: "Bununla yanaşı, beynəlxalq sülhün, kollektiv təhlükəsizliyin və əməkdaşlığın qarantı rolunda çıxış edən ölkələr üçün davranış qaydaları və öhdəlikləri müəyyənləşdirən beynəlxalq hüququn böhranı aşkar şəkildə özünü büruzə verir. Təssüflər olsun ki, bizim region da uzun müddətdir ki, bu cür problemlər və təhdidlərlə üz-üzə qalıb, bütün cəhdlərə baxmayaraq ATƏT ərazisindəki, xüsusilə də Cənubi Qafqazdakı münaqişələr öz həllini tapmayıb. Sülh və təhlükəsizlik bu bölgədə hələ də təmin olunmayıb. Bu isə yeni fəlakətlərə, daha təhlükəli və dağıdıcı nəticələr doğuran qarşıdurmalara gətirib çıxara bilər ki, bu da bizi, xüsusilə də beynəlxalq ictimaiyyəti narahat etməlidir".

A.Quliyev qeyd edib ki, bölgədə həll olunmayan münaqişələrlə bağlı yaranan hazırki gərgin vəziyyətin bir sıra səbəbləri var: "Bu səbəblərdən biri də geosiyasi maraqların bu regionda kəskin toqquşması, problemin həllinə yönəlik təşəbbüslərin monopoliyada saxlanmaq cəhdi və beləliklə, bir sıra regional və qlobal oyunçuların sülh yaratma missiyasından kənarda qalmasıdır. Bu isə region dövlətləri və xalqlarına yaxşı heç nə vəd etmir. Ona görə də düşünürəm ki, mövcud çağırışların birgə həlli, regionda sülh və təhlükəsizliyin bərqərar olması naminə beynəlxalq təşkilatların, regional və qlobal güclərin əməkdaşlıq və dialoq imkanlarının genişləndirilməsinə, bu istiqamətdə yeni yanaşmalara və təşəbbüslərə ciddi ehtiyac var. Bu baxımdan ATƏT PA-nın iştirakı ilə Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament konfransının Bakıda keçirilməsinin, Almaniya, Türkiyə və Azərbaycandan olan parlamemtarilərin ilk dəfə olaraq belə formatda bir araya gələrək regionu narahat edən məsələləri müzakirəyə etməyə başlamasının çox böyük əhəmiyyəti və perspektivi var".

Reaksiya.az

Şərhlər