Baş nazirin müavini: “Sülhsevər Azərbaycan xalqı 30 ildən çoxdur sülhə ehtiyacı olan xalqlardan birinə çevrilib”
18.06.2019 13:15 Sosreaksiya 787
"Müasir cəmiyyətdə insanların hüquqların qorunmasında ənənəvi işlərlə yanaşı, müasir institutlar da yaranır ki, bunlardan biri də Ombudsman institutudur ".
APA-nın xəbərinə görə, bunu "Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında ombudsmanların rolu" mövzusunda Ombudsmanların XVI Bakı beynəlxalq konfransında çıxış edən baş nazirin müavini Əli Əhmədov deyib.
O bildirib ki, Azərbaycan dünyanı narahat edən bütün məsələlərə öz töhfəsini verməyə hazırdır və bu layihələrdə yaxından iştirak edir: "Bu gün Azərbaycanda Milli İnsan Hüquqları Günüdür. İnsan hüquqlarının qorunmasından daha vacib şey yoxdur. İnsan hüquqlarının qorunması üçün müxtəlif təsisatlar yaradılır ki, onlardan da biri Ombudsman institutudur. Biz məmnunuq ki, Azərbaycan Ombudsmanı qısa müddət keçməsinə baxmayaraq, digər ölkələrin ombudsmanları ilə səmərəli əməkdaşlıq yarada bilib".
Ə.Əhmədov bildirib ki, bu gün BMT-nin həyata keçirdiyi dayanıqlı inkişaf üzrə qlobal layihə 2030-cu ilədək dünyanın dəyişməsini nəzərdə tutur. Onun sözlərinə görə, dünyanın cəmi 14 ölkəsi dayanıqlı inkişaf üzrə ikinci hesabatını BMT-yə verə biləcək ki, onlardan biri də Azərbaycandır: "Vacib məsələlərdən biri sülhün təmin edilməsidir. Etibarlı sülh olmadan dayanıqlı inkişaf ola bilməz. Çox təəssüf ki, Azərbaycan xalqı sülhsevər olsa da, 30 ildən çoxdur sülhə ehtiyacı olan xalqlardan birinə çevrilib. 1 milyon qaçqın və məcburi köçkün əhalinin 10 faizini təşkil edir. Bu insanların hüquqları 30 ildir ki, pozulur. Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün etdiyi cəhdlər nəticəsiz qalıb".
Ə.Əhmədov qeyd edib ki, Azərbaycan dövləti bu insanlara görə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir, amma onların hüquqlarının təmini məsələsi açıq qalıb: "Ümid edirik ki, ombudsmanlar bu münaqişənin həlli üçün öz səylərini birləşdirməyə çalışacaqlar".
Baş nazirin müavini bildirib ki, Azərbaycan gənc dövlət olaraq böyük tərəqqi yolunu keçib, Azərbaycan vətəndaşları inkişaf edən Azərbaycanı görməkdədirlər.
Şərhlər