AŞ Azərbaycandakı islahatları dəstəkləyir - Hüquq müdafiəçiləri AŞPA-nın yay sessiyasından danışır
04.07.2019 16:35 Sosreaksiya 770
“Seymur Həzi və Əbülfəz Bünyadovla bağlı məsələyə AŞPA-da diqqət gözləyirik”
“Avropa Şurası Parlament Assambleyasında keçirdiyimiz son görüşlər göstərdi ki, Azərbaycanda insan haqları ilə bağlı durumu daha da yaxşılaşdırmaq üçün beynəlxalq strukturlarla əməkdaşlığa ehtiyac var və ölkənin rəsmi qurumları ilə insan haqlarını müdafiə təşkilatlarının təmsil olunduğu Birgə İşçi Qrup bu əməkdaşlığın genişlənməsi üçün vacib strukturdur”. Bu sözləri Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Avropa Şurasının yay sessiyasına qatılan insan haqları müdafiəçilərinin keçirdiyi mətbuat konfransında deyib.
İnsan haqları müdafiəçisi Eldar Zeynalov AŞPA-nın yay sessiyasında Ermənistanda əsirlikdə saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevla bağlı Azərbaycan nümayəndə heyətinin təşkil etdiyi dinləmələrdən danışıb: “İnsan haqları məsələsi AŞPA-nın prioritetləri sırasında olsa da, şox təəssüf, Avropa parlamentarları bu dinləmələrə o qədər də böyük maraq göstərmədilər. Düşünürəm, onların dinləmələrdə çox az sayda təmsil olunmaları Azərbaycan heyətinin onlara konkret suallar ünvanyacaqlarından ehtiyat etdikləri üçün idi. Dinləmələrə Ermənistanın AŞPA-dakı nümayəndə heyətindən bir qadın deputat qatılmışdı. O, təxribat yaradaraq tədbiri pozmaq istəsə də buna nail ola bilmədi. Moderator, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov ona sonda söz verdi və dinləmələrin vaxtı bitdiyi üçün Ermənistan təmsilçisi çıxışını bitirə bilmədi. Dinləmələrdə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı film göstərildi, Dilqəmin oğlu çıxış edərək atasından 1 il 8 aydır heç bir xəbər ala bilmədiklərini dedi, beynəlxalq insan haqları qurumlarını məsələni diqqət mərkəzində saxlamağa çağlışdı. Azərbaycanda bu haqda çox az yazırlar, amma Avropa Məhkəməsinin Qarabağdakı durumla bağlı 5 qətnaməsi var. Orada açıq-aydın yazılıb ki, Qarabağdakı duruma görə, məsuliyyət Ermənistanın üzərindədir. Bunlardan biri Aşot Arutunyanın işi ilə bağlı Ermənistana qarşı qərardır. Arutunyan Xankəndi həbsxanasında işgəncə nəticəsində ölüb. O, Ermənistan vətəndaşı olub, onu həbs edən, işgəncə verən isə Qarabağ erməniləridir. Avropa Məhkəməsi buna görə Ermənistanı cərimələyib. Qərarda açıq mətnlə yazılır ki, Qarabağ siyasi, iqtisadi, hərbi mənada Ermənistandan asılı olduğuna, faktiki olaraq Ermənistanın hesabına yaşadığına görə məsuliyyət də Ermənistan dövlətinin üzərinə düşür. Avropa Məhkəməsinin 5 analoji qərarı var. Azərbaycan beynəlxalq müstəvidə müzakirələr zamanı bu qərarlardan faydalanmalıdır”.
Novella Cəfəroğlu Azərbaycanda insan haqlarının pozulması ilə bağlı Avropada hay-küy qaldıranların Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsində susqunluğunu da anlamadığını deyir: “Avropada Azərbaycanı pisləmək yarışına çıxan bir qrup mühacir var. Ölkəni ən kəskin tonda tənqid edən bu insanların birini də mən AŞPA-da Ermənistnda əsir və girovluqda olan şəxslərlə bağlı dinləmələrdə görmədim. Əgər onlar gerçəkdən də Azərbaycandakı insanların pozulan haqlarının bərpası üçün mübarizə aparırlarsa, nəyə görə bu əsirlərlə bağlı 1 kəlmə belə işlətmirlər? Görünür, onları danışdıran vicdanları yox, Azərbaycana qarşı olan qüvvələrin ayırdıqları qrant layihələridir. Sovet İttifaqı rus şairi Brodskiyə olmazın müsibətlər vermişdi. Sonradan o, ABŞ-sığındı, Nobel mükafatı aldı. İllər sonra ABŞ mediası ondan SSRİ-yə qarşı məqalə istəyəndə, Brodski demişdi ki, mən doğulduğum, təhsil aldığım, yaşadığım vətənimin əleyhinə heç nə yaza bilmərəm. Vətənpərvərlik belə olur. Bizim bəzi mühacirlər isə sözün əsl mənasında insan haqlarını beynəlxalq strukturlarla alver vasitəsinə çeviriblər”.
Birgə İşçi Qrupun digər üzvü Səadət Bənənyarlı Fransada mühacir həyatı yaşayan jurnalist Qənimət Zahidin AŞPA sessiyasında iştirak edən hüquq müdafiəçilərinə yönəlik tənqidini absurd adlandırıb: “Qənimət Zahid deyir ki, niyə hüquq müdafiəçiləri məhkəmə-hüquq sistemindəki müsbət dəyişiklikləri bəyənir. Bu gün bizim üzərində illərlə işlədiyimiz, hökumətə təkmilləşdirilməsi üçün dəfələrlə müraciət etdiyimiz məsələlər həllini tapırsa, biz, əlbəttə ki, bunları bəyənəcəyik. Bu ölkədə insan haqları ilə bağlı elə bir problem yoxdur ki, biz onu gündəmə gətirməyək. Çox ciddi məsələlərdən biri kimi məhkəmələrdə korrupsiyadan, asılıqdan danışırıqsa, onların müstəqilliyini istəyiriksə, bu məqsədlə qanun bazası yaradılanda aydın məsələdir ki, biz bunu alqışlayacağıq. Çünki problemlər qalarsa, biz onların üzərinə gedəndə istinad etdiyimiz həmin prezident fərmanları olacaq. Onu da vurğulayım ki, Azərbaycanda aparılan islahatları Avropa Şurası müsbət qarşılayıb. Hakimlərin sayının artırılması, əmək haqlarının yüksəldilməsi, inanırıq ki, ciddi nəticələr yaradacaq. Mühacirlər yalnız siyasi məhbusların məsələsini gündəmə gətirir. Bu məsələ bizim də hər zaman gündəmimizdədir və son əfv fərmanı ilə bizim siyahımızda olan 61 nəfər azadlığa çıxıb. 2017-ci ildən bu yana aparılan islahatlarla 4000-ə yaxın məhkumun azad edilməsinə səbəb olub. Müxtəlif cinayətlərin xarakteri dəyişib, əvvəllər həbs tədbiri seçilən cinayətlərə görə indi cərimələr tətbiq edilib, bundan başqa, cəzalar konkretləşdirilib... Həmin 4000 insan da Azərbaycan vətəndaşlarıdır. Problemi yalnız siyasi məhbuslar üzərində fokuslaşdırmaq, düşünürəm ki, heç bir halda doğru yanaşma deyil və Azərbaycanda var olan problemlərin çözülməsinə deyil, gərginliyin artırılmasına yönəldilib”.
Siyasi məhbus anlayışına toxunan Eldar Zeynalov dini qruplaşmaların həbs olunan üzvlərinin bu kateqoriyaya aid edilməsi ilə razılaşmadığını deyib: “Bu insanlar şəriət qaydalarının hakim olması uğrunda mübarizə aparır. Biz Avropa Konvensiyalarını qəbul etmişik. Orada yazılır ki, qadınlar kişilərlə bərabərhüquqludur, şəriət deyir ki, qadın kişiyə tabe olmalıdır, 2 qadın şahid 1 kişi şahidə bərabərdir, konvensiyada bütün dinlər bərabər sayılır, şəriət İslam dinini üstün elan edir və s. Biz Avropa Məhkəməsinin, nəhayət, bu insanlardan birinin işinə baxacağını və mövqe ortaya qoyacağını gözləyirik. Bu gün Azərbaycandan siyasi məhbus siyahısı altında beynəlxalq strukturlara göndərilən sənədlərdə 80 nəfərə yaxın dini ekstremistin adı var. Sekulyar Azərbaycanı şəriət qaydaları ilə idarə olunan dövlətə çevirmək üçün mübarizə aparan və xarici təsirlərlə hərəkət edə bilən şəxs hansı məntiqlə siyasi məhbus elan edilə bilər?”
İnsan haqları müdafiəçisi Səidə Qocamanlı İşçi Qrupun AŞPA rəsmiləri ilə görüşlərindən danışıb və Azərbaycan üzrə yeni məruzəçinin sentyabr ayında Bakıya gələcəyini bildirib: “Biz AŞPA-nın fəaliyyətdə olan sədri cənab Yaqlandla görüşdük. Cənab Yaqland Azərbaycanla bağlı məsələləri hər zaman diqqətdə saxlayıb, konkret şəxslərlə bağlı xüsusi tələblər irəli sürüb, bizim İşçi Qrupun yaradılmasında da onun xüsusi rolu olub. Biz yenə də gündəmdəki məsələləri müzakirə etdik. Bundan başqa, AŞ Nazirlər Komitəsində görüşlər keçirdik, konstruktiv müzakirələr apardıq. Çıxışlarımız zamanı Azərbaycanda insan haqları ilə bağlı problemləri dilə gətirməklə yanaşı onu da xüsusi vurğuladıq ki, ölkəmizə qarşı ikili standart siyasəti problemin çözümünü ləngidir. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada insan haqları ilə bağlı problem yaşanmasın. Bu gün Ermənistanda da, Gürcüstanda da, Rusiyada da, Şərqi Avropa, Mərkəzi Avropa ölkələrində də bu problem var. Ancaq hansısa səbəbdən beynəlxalq qurumlar Azərbaycana və Türkiyəyə xüsusi təpki göstərirlər. Əgər eyni problem bir neçə ölkədə yaşanırsa, bütün tənqidlər onlardan yalnız birinə yönəldilirsə, bu qıcıq yaratmaya bilməz. Ona görə, beynəlxalq strukturlar da öz iş prinsiplərinə korrektələr etməlidirlər”.
Səidə Qocamanlı onu da bildirib ki, Birgə İşçi Qrupun təcrübəsi göstərir ki, qurumun fəaliyyəti Qərb strukturları ilə işbirliyi üçün vacibdir: “Həm rəsmi strukturlarla, həm də beynəlxalq qurumlarla çalışmaq təcrübəsi işçi qrupa problemlərə daha çevik reaksiya almaq imkanı verir. Bu fikri biz Strasburqda AŞPA rəsmilərindən də eşitdik. Xaricdə oturub Azərbaycana qarşı qalaq-qalaq donoslar yazmaq, siyasi məhbus anlayışına aid olmayan insaların hesabına siyasi məhbus siyahılarını 2-3 dəfə şişirtmək darda olan insanlar vasitəsilə özünüreklamdan başqa bir şey deyil. Azərbaycanda söz və mətbuat azadlığı ilə, sərbəst toplaşmaq azadlığı ilə, digər siyasi azadlıqlarla bağlı problemlər var. Həbsdə olan siyasi məhbusların çoxu bu səbəbdən azadlıqdan məhrum edilib. On görə də, biz ölkəmizdə bu hüquqların bərqərar olmasına çalışmalıyıq. Beynəlxalq qurumları əsassız siyahılarla yükləmək yerinə onlarla sağlam əməkdaşlıq qurub məsələləri ölkə daxilində çözmək mümkündür. Biz görüşlərdə Seymur Həzinin də məsələsini qaldırdıq. Avqustun sonunda onun həbs müddəti bitir və biz sonuncu əfv fərmanı ilə onun azad ediləcəyini gözləyirdik. “Nardaran məhbusu” Əbülfəz Bünyadovun məsələsi də ciddi narahatlıq doğurur. O, çox ağır xəstədir və məhkəməyə xərəkdə gətirilir. Düşünürük ki, bu, humanizm prinsiplərindən çox uzaqdır və hər zaman bu prinsipləri aşılayan Avropa Şurası Bünyadovun məsələsini diqqətdə saxlamalıdır”.(musavat)
Şərhlər