Vüqar Səfərli: "İkinci binada yaşayan jurnalistlərə yaxın müddətdə “kupça”lar veriləcək"
04.09.2019 15:21 Sosreaksiya 790
Jurnalistlər üçün istifadəyə verilən ikinci binada yaşayanlara yaxın müddətdə “kupça”lar veriləcək.
Bunu özəl olaraq Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli jurnalistlər üçün inşa olunmuş 2-ci binadakı mənzillərin xidməti ev kimi olması ilə bağlı fikirlərinin səhv anlaşılmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu binalardakı mənzillər dövlətin əmlakıdır:
“Müsahibədə mən bu evlərin xidməti evlər kimi olduğunu demişəm. "Xidməti ev" və "xidməti ev kimi" ifadələri bir-birindən fərqlənir. Xidməti evə görə order, sənəd verildikdə, həmin mənzilin xidməti ev olduğu qeyd edilir. Lakin Fondun Müşahidə Şurasının qərarı, Prezident Administrasiyasının töhfəsi ilə o evlər jurnalistlərə verilib. Avqustun 8-də biz binanın istismara qəbul edilməsi ilə bağlı dövlət aktını almışıq. Hazırda Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə sənədləşmələrlə bağlı işlər aparılır. Birinci bina üçün də prosedurlar belə olub. Bu bina hələ dövlətin balansındadır və dövlətin əmlakıdır”.
V.Səfərli həmin mənzillərin jurnalistlərdən geri alınacağı ilə bağlı narahatlığın olmadığını da söyləyib:
“Yazırlar ki, bu mənzillər xidməti ev olduğu üçün onları istənilən zaman jurnalistlərdən geri ala bilərlər. Xeyr, bu, xidməti ev deyil. Bu mənzillər hazırda xidməti ev kimidir və yaxın müddətdə mənzil sahiblərinə “kupça”lar veriləcək. Heç bir ev geri qaytarıla bilməz. Bu, Prezidentin jurnalistlərə hədiyyəsidir”.
Şərhlər