Elinanın intihar işinə xitam verildi
12.09.2019 16:25 Sosreaksiya 914
Elina Hacıyevanın intihar işinə xitam verilib.
Bu barədə APA -ya E.Hacıyevanın ailəsinin hüquqi nümayəndələri Emin İsayev və Sevinc Əliyeva məlumat verib. Onların sözlərinə görə,hadisə ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Lakin sonradan istintaq bu işə xitam verib. İstintaq Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə davam etdirilib və yekunlaşdıqdan sonra baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda həmin iş üzrə məhkəmə keçirilir.
Şərhlər