Niyazi Bayramov Gəncənin “Gülüstan” yaşayış massivinin sakinləri ilə görüşüb - FOTOLAR

22.10.2019 15:16     Sosreaksiya     1227

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hər həftə şəhər sakinləri ilə görüş keçirir, onları narahat edən məslələrlə maraqlanır. Reaksiya.az xəbər verir ki, bu dəfəki görüş şəhərin “Gülüstan” yaşayış massivində baş tutub. Qəbulda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, idarə, müsəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Niyazi Bayramov sakinləri salamlayaraq bildirib ki, Gəncənin “Gülüstan” yaşayış massivində hazırda abadlıq- quruculuq işləri davam etməkdədir. Yollarda təmir-bərpa işləri gedir, binaların fasadları yenilənir, dam örtükləri dəyişdirilir, su təsərrüfatı və kanalizasiya sistemi yenidən qurulur. Niyazi Bayramov vurğulayıb ki, bütün bu tədbirlər Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının nəticəsidir. Ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi isə sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir.

“Açıq mikrafon” şəraitində keçən görüşdə vətəndaşların müraciəti və problemləri dinlənilib. Sakinlər əsasən məhəllədaxili yolların asfaltlanması, səkilərin abadlaşdırılması, zibil qutularının sayının artırılması, uşaqlar üçün oyun meydançalarının qurulması, küçə işıqlandırılmasına dair müraciətlər səsləndiriblər. Bundan başqa dərman preparatları ilə təminat, sahibsiz itlərlə bağlı tədbirlərin görülməsi də xahiş olunub. Ümumi məsələlərlə yanaşı sakinlər öz şəxsi probelmlərini də dilə gətiriblər.

Vətəndaşların müraciətləri tək-tək dinlənilib və əksər problemlər yerindəcə öz həllini tapıb.  Bəzi məsələlərin araşdırılaraq qanuna uyğun şəkildə həll olunması üçün müvafiq tapşırıqlar verilib.

Reaksiya.az

Şərhlər