“Dəyərli kitablar atılmır” - Ziyalı rəyləri

28.10.2019 17:08     Sosreaksiya     1008

“Bakıda zibilxanalardan toplu halda tapılan kitabların olması faktlarına tez- tez rast gəlirik. Bir müddət öncə də Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləmə prosesi zamanı 19-cu əsrdə dərc edilmiş nadir kitab tapılıb.

Araşdırmalarda məlum olub ki, şair, filosof və alim Abdurrəhman Caminin 12-ci əsrdə yaşamış Misir alimi İbn Hacibin “El-Kafiye” əsərinə şərhi barədə olan kitab 1892-ci ildə ərəb dilində İstanbulda nəşr olunub.

Reaksiya.az bu məsələ ilə əlaqədar yazıçıların fikirlərini öyrənib.

Yazıçı, tənqidçi Əsəd Cahangir bu məsələyə belə münasibət bildirib:

“Mənim də həyatımda kitabları atdığım vaxtlar olub. Təxminən 20 il bundan əvvəl kirayədə yaşayırdım. Həmin vaxtlar 1000,2000 kitab tullamışam. Mən onları hər yeni evə müvəqqəti köçəndə özümlə daşıya bilmirdim. Bu səbəbdən də onları saf çürük etmək qərarına gəldim. Mənə lazım olmayan 600,700 kitabı zibil yeşiklərinin yanına qoydum.  Düşündüm ki, bu hərəkətimlə də kimlərinsə maariflənməsinə şərait yarada bilərəm. Həm də o kitabların içində kimə hansı kitab lazımdırsa, gəlib götürər düşüncəsiylə bunu etdim. Həmin kitablar sovet dönəmindən qalma o qədər də dəyərli olmayan kitablar idi. Kitablarda sovet yazıçılarının  ədəbiyyatşünaslarının əsərləri var idi. Onların arasında ciddi əsərləri seçib saxlamışdım. Atdığım o kitabları hansısa kitabxanaya vermək həm əziyyət idi, həm də böyük xərc tələb edirdi. Həmin vaxtlar bu məsələnin belə həlli heç ağlıma gəlmədi. Amma gəlsəydi bəlkə də bu cür edə bilərdim”.

Əsəd Cahangir zibilxanalarda tapılan kitabların bəzilərinin əslində elə o cür də aqibətə layiq olduğunu dedi:

“İnsanlar kimi kitabların da taleyi var. Mən buna inanıram ki, nəyə layiqdirsə ,o cür də münasibət görür. Kitab əgər zibilxanalıqdırsa, elə oraya, yox əgər, rəfə qoyulmağa layiqdirsə elə rəfə də qoyulur. Mənə elə gəlir ki, bu bizim iradəmizdən kənar bir şeydir. Kitablar müxtəlif səbəblərdən atıla bilər. Bəzən ya şərait tələb edir, ya kitab dəyərsiz olur, ya insan dəyərli kitaba nadan və cahilcəsinə yanaşır, ya da ki çaşqınlıq, təsadüf buna şərait yarada bilər. Amma dediyiniz Abdurrəhman Caminin 12-ci əsrdə yaşamış Misir alimi İbn Hacibin “El-Kafiye” əsərinə şərhi barədə olan kitab 1892-ci ildə ərəb dilində İstanbulda nəşr olunan kitab çox qiymətli xəzinədir. Bunu atan adam böyük ehtimalla ya nadanlığından, yaxud da anlaşılmazlıq və çaşqınlıqdan dolayı  bunu edib”.

Əsəd Cahangir bu günki gündə də bəzi  kitabların yerinin elə zibil yeşikləri olduğunu vurğulayıb: 

“Kitabları sevmək lazımdır. Onlar bizi formalaşdıran nəsnələrdir. Kitab, yazı müqəddəs elementlərdir. Kitablar insan həyatında böyük məna kəsb edir. Amma bu dediklərim əsl zəngin və qiymətli kitablara aiddir. Bu günki gündə də çoxlu atılası mənasız kitablar dərc olunur. Onların yeri elə zibilxanalardır. Günü gündən nəşriyyatların sayı çoxalır, maddiyyatı bir qədər güclü olan, ya özü ya da müəyyən yollarla kitab dərc etdirirlər. Sonra həmin kitabların Natəvan klubunda təmtəraqla təqdimatı keçirilir. Daha sonra həmin şəxslər özləri haqqında yazı yazdırırlar, onları kitabxanalara paylayırlar. Bax bu kitablar yer tutmaqdan, vaxtın boşa getməsindən başqa heç nəyə yaramır. Onsuzda tarix və zaman həmin kitabları zibilxanalara göndərəcək. O kitabların müəllifləri təəssüf ki, acı həqiqəti başa düşmək istəmirlər .Onlar daha çox qabil və lazım olduqları yerlərdə fəaliyyət göstərməkdən qaçırlar”.

Şair Dayandur Sevgin isə məsələyə bu cür münasibət bildirib:

“Bizim cəmiyyət  heç bir zaman kitab oxumağa meylli olmayıb. Kitab sevdalılarımız çox azdır. Hətta sovet illərində belə imperiyanın tərkibində olan bir neçə dövlətlər Rusiya, Belorusiya kimi dövlətlərdə kitab oxumanın 80 faiz idisə, bizim ölkədə 10 faiz təşkil edirdi. Ölkədə kitab oxuma o qədər aşağı səviyyədir ki, hətta dükanlarda ərzaqların üzərinə qiymət yazılsa da, satıcılardan həmin məhsulların qiymətləri soruşulur. Bu bizim özümüzə inamımızın olmadığını göstərir. Mən bir neçə ildir ki, “Yazıçılar Birliyi”ndə işləyirəm. Biz istəyirdik ki, yazıçılar şairlərin təqdimat mərasimlərinin əvəzinə imza günləri keçirdək. Çünki yazıçılarımız da nəyləsə qazanmalıdır. Oxucuların bir neçəsi mənə “kitab da pulla olar?” sualını verdi. Bu  cür yanaşma doğru deyil. Ən xırda məhsul belə, pulla satıldlığı bir dövrdə o qədər də yüksək qiyməti olmayan kitab niyə pulsuz olsun?  və ya olmalıdır ki?

Zibillikdən biz nəinki “El-Kafiye” əsərinə şərhi hətta  Nizamini Nəsimini də tapa bilərik Kitab oxumayan adam nadan ,cinayətkar olur. Biz bu məsələlərə diqqət etməliyik”.

Azərbaycan jurnalının baş redaktoru İntiqam Qasımzadə isə  insanların əksəriyyətinin kitabın dilini başa düşmədikləri üçün atdığını deyib:

“Dediyiniz kitab qədim ərəb dilində olan kitabdır. Təbii ki, onun da dilini başa düşmədikləri üçün zibilxanaya atıblar. Amma bununla yanaşı doğma dildə olan kitabların  zibil qutularına atılmasına da rast gəlinir. Bu həmin insanların kitablara dəyər verməməsindən ,ya da ki o kitabların elə dəyərsiz olmasyla da ola bilər”.

İmamət İsmayılova

Reaksiya.az

Şərhlər