Azərbaycanda daha 3 dövlət qurumu birləşdiriləcək - Açıqlama
30.10.2019 13:30 Sosreaksiya 734
Ölkə Prezidenti tərəfindən son günlərdə aparılan struktur və kadr islahatlarının yeni dalğası barədə xəbərlər var.
Hökumətdə yeni dəyişikliklərin olacağını Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov da bunu təsdiqləyib.
Reaksiya.az xəbər verir ki, o Modern.az-a açıqlamasında deyib ki, islahatların yeni dalğası gəlir və onun əhatəsi daha da genişlənəcək: "Bu islahatların mərkəzində isə dövlət maliyyəsindən, dövlət sektorundan özəl sektora, bazar qüvvələrinə və xarici investisiyalara arxalanmaq dayanır".
Yeni dalğanın davamı olaraq elə E.Rüstəmovun sədri olduğu Mərkəzi Bank, Dövlət Neft Fondu və Maliyyə Bazarlarına Nəzarət Palatasının birləşdiriləcəyi gözlənilir.
Dünya praktikasında belə bir təcrübə varmı? Bu optimallaşdırma siyasəti hansı iqtisadi nəticələrə səbəb ola bilər?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov sayta deyib ki, ölkə başçısının start verdiyi islahatlar çərçivəsində bu cür optimallaşdırılma aparılması mümkündür: “Təbii ki, bu, ölkə başçısının səlahiyyətində olan məsələdir. Ümumilikdə bu optimallaşdırmaya getməzdən əvvəl araşdırmalar aparılmalı, onun effektlilik dərəcəsi nəzərə alınmalıdır. Elə etmək lazımdır ki, həm iqtisadi cəhətdən effektli olsun, həm də optimallaşdırmadan sonra ciddi problemlər yaranmasın.
Faktiki olaraq neft ixrac edən bütün dövətlərdə Neft Fondu fəaliyyət göstərir. Onların hər biri qəbul edilmiş nizamnaməyə uyğun olaraq çalışırlar. Dövlət Neft Fondu Mərkəzi Bankla əlaqəlidir, hərraclarda iştirak edir. Onların birləşdirilməsində heç bir maneə yoxdur”.
O ki qaldı Maliyyə Bazarlarına Nəzarət Palatasına, parlamentari qeyd edib ki, bu, lüzumsuz orqandır:
“Onun ayrıca fəaliyyət göstərməsinə heç bir ehtiyac yoxdur. Onsuz da Mərkəzi Bank o fəaliyyəti yerinə yetirir. Ümumilikdə bu 3 qurumun birləşdirilməsi mümkündür. Hətta bu optimallaşdırma siyasətinin bank sisteminin sağlamlaşdırılmasında böyük əhəmiyyəti ola bilər. Faktiki olaraq pul-kredit siyasətini həyata keçirən Mərkəzi Bankdır. Bütün xəzinə də buradadır. Belə optimallaşdırma siyasətinin aparılmasını düzgün hesab edirəm. Bu, daha çox Azərbaycan iqtisadiyyatının inkişafına səmərə verə, hətta bank sisteminin dirçəlməsində müəyyən rol oynaya bilər”.
Şərhlər