UNEC-lə MDU arasında əməkdaşlıq müqaviləsi imzalanıb

02.11.2019 15:30     Sosreaksiya     700

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov və universitetin professor-müəllim heyəti iştirak edib.

Rektor Ədalət Muradov UNEC-in fəaliyyət istiqamətlərində regional universitetlərlə əməkdaşlığın prioritet olaraq müəyyənləşdirildiyini qeyd edib. UNEC-in Lənkəran Dövlət Universiteti (LDU) və Gəncə Dövlət Universiteti ilə əməkdaşlıq etdiyini deyən rektor, LDU ilə ikili diplom proqramı barədə razılaşmanın əldə olunduğunu vurğulayıb. O, UNEC-in regional universitetlərlə əməkdaşlıqda dünya praktikasında qəbul olunan yeni yanaşma ilə çıxış etdiyini, ikili diplom proqramının bu əməkdaşlığın əsas hədəfi olduğunu bildirib. Rektor bunun üçün keyfiyyət tələblərinin mövcud olduğunu və bu tələblərə cavab verə bilən tələbələrin UNEC-in diplomunu da əldə edə biləcəyini deyib. UNEC ilə MDU arasında əməkdaşlığın uğurlu olacağını bildirən professor Ə.Muradov, bu ali təhsil müəssisəsinin ölkənin təhsil sistemində və regional universitetlər arasında qısa müddətdə qabaqcıl universitetə çevriləcəyindən əminliyini ifadə edib.

Rektor Şahin Bayramov məzunu olduğu və bir zamanlar çalışdığı universitetdə olmaqdan qürur duyduğunu bildirib. Rektor təyin olunarkən ölkə Prezidentinin qarşıya qoyduğu hədəflərdən söz açan Şahin Bayramov, əsas hədəfin MDU-nu paytaxt səviyyəli universitetə çevirmək olduğunu qeyd edib. Bu gün dünya universitetlərinin missiyasının dəyişdiyini, universitetlərin yalnız tədris, elmi fəaliyyət və kadr hazırlığı ilə məhdudlaşmadığını deyən rektor, MDU-nun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi potensialının gücləndirilməsi və inkişafında yaxından iştirak etməsinin vacibliyini diqqətə çatdırıb.

Ş.Bayramov MDU-dakı kadr hazırlığı istiqamətləri və mövcud ixtisaslar barədə məlumat verərək, tədrisin keyfiyyətinin artırılması, elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi və universitet idarəçiliyində innovativ metodların tətbiq edilməsi istiqamətində islahatların aparıldığını bildirib. Dünya səviyyəli universitet olmaq yolunda sürətlə irəliləyən UNEC-lə əməkdaşlığın MDU üçün mühüm faydalar verəcəyinə əminliyini bildirən Ş.Bayramov regional tərəfdaş kimi hərtərəfli qarşılıqlı əməkdaşlığın reallaşdırılması üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib.

Sonra hər iki rektor tərəfindən əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, universitetlər arasında tələbə-müəllim mübadiləsi, MDU-nun müəllimlərinin UNEC-in Qış məktəbində iştirakı, MDU tələbələrinin bir semestrlik UNEC-də təhsil alması, birgə elmi-tədqiqatların aparılması və digər məsələlər nəzərdə tutulub.

Rasmiyya.az

Şərhlər