ATU-nun Tədris-Cərrahiyyə Klinikasında daha bir ilk

02.11.2019 15:37     Sosreaksiya     911

Klinikada çoxtərəfli elmi-praktik internet-konfrans keçirilib

Dünən Belarus Dövlət Tibb Universitetinin rektoru Dosent Anatoli Sikorski və Azərbaycan Tibb Universitetinin rektoru Professor Gəray Gəraybəylinin birgə təşəbbüsləri ilə Azərbaycan Tibb Universitetinin ümumi cərrahlıq kafedrasının professoru, tibb elmləri doktoru Mübariz Yaqub oglu Əliyevin 60 illik yubileyinə həsr olunmuş çoxtərəfli elmi-praktik onlayn-konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Belarus Dövlət Tibb Universitetinin ümumi cərrahlıq kafedrasının müdiri, Professor S.A. Alekseyev açıq elan etmiş və Professor M.Y. Əliyevin həyatı, elmi yaradıcılığı və həkimlik fəaliyyəti haqqında geniş, əhatəli nitq söyləmişdir. Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının direktoru, əməkdar elm xadimi, Professor Surxay Hadıyev internet-konfransın təşəbbüskarlarına - Belarus Dövlət Tibb Universitetinin rektoru Anatoli Sikorski və Azərbaycan Tibb Universitetinin rektoru Professor Gəray Gəraybəyliyə bu konfransın baş tutması üçün təşəkkürlərini bildirmiş və əlamətdar gün münasibəti ilə yubilyarı təbrik etmişdir.

Konfransda ümumi cərrahlığın, urologiyanın, travmatologiyanın, endokrin cərrahlığın, orqan və kök hüceyrələri transplantasiyasının, cərrahi onkologiyanın, azinvaziv cərrahlığın və cərrahlıqda infeksiyalara nəzarətin mühüm problemlərinə həsr olunmuş 30 elmi iş dinlənilmişdir. Konfransın işinə Naxçıvan Muxtar Respublikasının həkimləri Zəbur Bağırov, Mahmud Nəsirov, Ramazan Abbasov və Səudiyyə Ərəbistanının Əbdülrəhman Əl Faisal xəstəxanasının (ər Riad şəhəri) cərrahiyyə şöbəsinin rəhbəri doktor İfrat Bəkirov həmin xəstəxananın həkimləri ilə birgə qatılmış, elmi fəaliyyətlərinin nəticələri ilə kjnfransın iştirakcılarını məlumatlandırmışlar.

Bütün cıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanmış, qızğın müzakirələrə və fikir mübadilələrinə səbəb olmuşdur. Təxminən 7 saat davam etmiş internet-konfrans Professor S.A. Alekseyev və Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, Professor N.Y. Bayramovun yekun çıxışları ilə öz işini uğurla başa vurmuşdur. Sonda xatirə şəkilləri çəkilmiş və onların onlayn mübadiləsi aparılmışdır.

 

Reksiya.az

Şərhlər