Effektiv təklif - “Təqaüdçülər üçün ictimai nəqliyyat və dərmanlar pulsuz olsun!
13.11.2019 16:39 Sosreaksiya 842
Elmira Axundova: “...ya da onların təqaüdlərinə şərti olaraq “dərman pulu” dediyimiz məbləğ əlavə edilsin”
“Biz bu gün sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il dövlət büdcəsi haqqında qanun layihəsini müzakirə edirik. Respublikada demək olar ki, ən dinamik işləyən, sosial təminatı və müdafiəni çox uğurla həyata keçirən, inqilabi dəyişikliklərə start verən bir Nazirliyin büdcəsinə baxırıq”.
“Sherg.az” xəbər verir ki, bu barədə millət vəkili, xalq yazıçısı Elmira Axundova Milli Məclisin bu gün keçirilən iclasında bildirib. Xanım parlamentari qeyd edib ki, bu Nazirliyin əməkdaşlarına və rəhbərinə həm biz deputatlar, həm də cənab Prezident çox inanır və onlardan çox şey gözləyirik: Ona görə biz şəxsən Sahil Babayevə, onun çox ağır və məsuliyyətli işində daha böyük uğurlar arzulayır və ona hər zaman dəstək olmağa hazırıq. Bizə təqdim edilən 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan sosial paketi biz komitə iclaslarında da ətraflı təhlil etdik, hörmətli Sahil müəllim də bizə bu paket barəsində çox dolğun məlumatlar verdi. Ona görə də bu layihəyə səs verəcəyik və inanırıq ki, gələn il bütün layihələr reallaşacaq və bunun nəticəsində insanlarımızın sosial durumu daha da yaxşılaşacaq”.
Bununla yanaşı, E.Axundova bir sıra təkliflərini səsləndirib:
İki təklifim var. Əvvəla, hörmətli Sahil Babayevdən xahiş edərdim ki, təqaüdçülər üçün ictimai nəqliyyatın pulsuz olması haqqında düşünsün. Artıq bir çox ölkələrdə -Rusiyada, Avropa dövlətlərində təqaüdçülər bu imtiyazdan istifadə edirlər. Gələn ilin büdcəsində müxtəlif növ kateqoriyalı insanlar üçün bir sıra sosial güzəştlər və imtiyazlar nəzərdə tutulubdur. Lakin yaşlı vətəndaşlarımız üçün demək olar ki, təqaüddən başqa əlavə gəlir yoxdur. Əgər biz gələn il təqaüdçülərə ictimai nəqliyyat növlərini pulsuz etsək bu yeni ildə onlar üçün ən yaxşı hədiyyə olardı.
İkinci təklifim ondan ibarətdir ki ahıl insanlara, məsələn; 80 yaş və ondan yuxarı, dərmanlar pulsuz verilsin, ya da onların təqaüdlərinə şərti olaraq “dərman pulu” dediyimiz məbləğ əlavə edilsin. Mən yenə də dünya təcrübəsinə əsaslanaraq bunu deyirəm. Məsələn: Almaniyada təqaüdçülər onlara səhhətləri üçün vacib olan bütün dərmanları pulsuz alırlar. Çox arzulayardıq ki, bu xoş və nəcib təcrübə Azərbaycanda da tətbiq olunsun. Çünki bizim inkişaf səviyyəmiz buna imkan verir. Diqqətinizə görə minnətdaram”.
Şərhlər