“Ona deyərdim ki, yanımda əyləşmə?” - Cəfəroğlu erməni qadınla fotosundan danışdı
18.11.2019 14:26 Sosreaksiya 812
"Əvvəllər bizim İstanbulda seminarlarımız olurdu. Qarabağdan olan azərbaycanlı və erməni qadınları yığaraq seminarlar təşkil edir, sülhün əldə ediləcəyi təqdirdə onların birlikdə necə yaşaya biləcəyini müzakirə edirdik. Əslində bu beynəlxalq təşkilatların seminarı idi, sadəcə biz də qadınlarla orada iştirak edirdik. Bu qadın özü Bayılda yaşayıb, Bakı ermənisidir. Gəlib yanımda əyləşdi, başını mənə tərəf əyərək dedi ki, sizdən Bakının qoxusunu almaq istəyirəm. Həmin vaxt fotomuzu çəkdilər. Fotodan görürsünüz ki, mən əyləşmişəm, qollarım da öz yerindədir, ermənini də qucaqlamamışam. İndi bu fotonu yaymaqla nə demək istəyirlər? Məni ermənipərəstlikdə ittiham etmək istəyirlər?”.
Bu fikirləri Dilara Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Teleqraf.com-a sosial şəbəkələrdə erməni qadınla yayılan fotosu haqqınd danışarkən deyib.
O əlavə edib ki, zaman-zaman tədbirlərdə ermənilərlə görüşürlər: “Söhbət əlahiddə olaraq məndən getmir. Azərbaycanın aktiv və fəal ictimai xadimləri seminarlara, tədbirlərə gedir. Seminarda ermənilər də olur, onlarla ortaq müzakirələr də. Buna da normal yanaşmaq lazımdır. Əgər biz Qarabağa sahib olmaq istəyiriksə, dialoq, görüşlər olmalıdır. Biz hamıya deyirik ki, Qarabağ bizimdir, Azərbaycanın bir hissəsidir, bir metrini də heç kimə verməyəcəyik. Görüşlərdə bu mövqeyimizi ifadə edirik. Biz ermənilərlə birlikdə Minsk qrupu ilə də görüşmüşük. Erməni qadını gəldi, dedi, əyləşim sizin yanınızda. Mən sülhdən danışıram, ona deyim ki, yox, yanımda əyləşmə? Bu nə dərəcə məntiqli olar? Mənim kimi yüzlərlə insan gedib tədbirlərdə ermənilərlə rastlaşır, müzakirə aparır. Burada qeyri-adi heç nə yoxdur. Bunu yaymaqda məqsəd nədir, anlamıram. Biz kefə getmirik, beynəlxalq platformalarda mövqeyimizi müdafiə edirik”.
Hüquq müdafiəçisi əlavə edib ki, torpaqların müharibə yolu ilə azad edilməsi haqda qərar verilsə, buna uyğun addımlar atılacaq: “Hələ fotonu yayandan sonra bəziləri də yazıb ki, “onu məmləkətdən qovmaq lazımdır”. Bu ölkəni siz yaratmısınız? Mənim atam Naxçıvanda yaşayan ermənilərin 75 faizini oradan çıxaranda siz harada idiniz? Heç olmasa, gedib arxivləri oxuyun, görün, kimə nə deyirsiniz? Məni ermənipərəstlikdə ittiham etmək gülüncdür. Mənim prezidentlərdən tutmuş hər kəslə fotom var. Qarabağlıların yanında məndən çox olan yoxdur. Müharibə vaxtı bizim cəmiyyətin gördüyü işləri bir nəfər ortaya çıxarmır. Amma mən bir qadın kimi arzu edirəm ki, müharibəsiz, ölümsüz torpaqlarımıza sahib olaq. Bu hər bir ananın haqqıdır. Baxın, görün, nə qədər cavanlarımız ölüb. İstərəm ki, sülhlə torpaqlarımız azad edilsin. Amma bu alınmayacaqsa, müharibə də edəcəyik. Ermənilərə də açıq deyirik ki, müharibəni biz deyil, siz başlamısınız”.
N.Cəfəroğlu əlavə edib ki, fotonu yayan şəxsi məhkəməyə verməyi düşünür: “Ermənipərəst, ruspərəst, iranpərəst sözü heç vaxt xoşuma gəlməyib və mənə yapışmaz. Mən millətçiyəm, amma bütün insanlara da rəhmim var. Düşmənlərə qarşı da düşmənəm. Mənə əlini uzadana da əlimi uzadaram. Mənə sataşmasın, torpağımı qaytarsın. Mənim millətimə əl uzadanın da əlini kəsərəm. Mən nə ermənipərəst, nə də ruspərəstəm. Mən millətçiyəm, türkəm, türkpərəstəm və Atatürkçüyəm”.
Şərhlər