Domen adı oxşardır deyə heç kimi günahlandırmaq olmaz - Osman Gündüz
12.08.2015 16:29 Sosreaksiya 3341

Elektron KİV-lərin ən başlıca problemlərindən biri oxşar domen adlarıdır. Hər bir saytı auditoriyasına tanıdan onun adı- yəni domendir. Eyni sözün sonuna başqa sonluqlar qoyaraq müxtəlif domenlər yaradılır. Məsələn Reaksiya.az, Reaksiya.info, Reaksiya.com və s.
Təbii ki, belə oxşar saytların yaradılmasında daha məşhur saytların populyarlıqlarından istifadə etməyə çalışmaq məqsədi güdülür. Bəs bu məsələ hüquqi cəhətdən necə tənzimlənir?
Məsələyə aydınlıq gətirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, hər bir domen adı unikaldır: “Domen adları bir dəfə olur və bir dəfə qeydiyyata alınır. Amma kimsə ona uyğun, oxşar, hansısa hərf, rəqəm artıraraq domen alırsa, bu sərbəstdir. Normal prosedurdur. Bu artıq fərqli domen hesab olunur. Çünki bir hərfə görə domenin qiyməti milyardla ölçülür. Məsələn: fərz edək ki, “News” domeninin qiyməti 50 milyondur, “news1” domeninin qiyməti isə 50 qəpikdir. Ona görə də belə yanaşmaq olmaz ki, domen adları oxşardır”.
Kim birinci yuxudan dursa, domeni də o alır,- deyən ekspert saxtakarlıq məsələsinə diqqət çəkib: “Xüsusi ticarət nişanı olan məhsulların adına istəsən də, domen almaq olmur. Lakin bəzi saytlar oxşar domen yaradaraq digər saytın adından istfadə etməyə çalışırlarsa, bu artıq başqa haldır. Belə olan halda həmin insanlarla bağlı cinayət işi qaldıraraq məhkəməni udmaq da olar”.
Şərhlər