“Müstəqilliyimizi ona görə əldə etməmişik ki...” - Azərbaycandan rusiyalı məşhura sərt cavab

18.12.2019 14:37     Sosreaksiya     1814

Xəbər verdiyimiz kimi, Rusiya futbolunun məşhur siması, keçmiş hücumçu Andrey Arşavin MDB ölkələrinin futbol çempionatarının birləşdirilməsi ideyası ilə çıxış edib. Arşavin bildirib ki, bu azarkeş sayının artması baxımından da yaxşı addım olar. Onun bu fikirləri mətbuatda birmənalı qarşılanmayıb. Çoxları buna siyasi müstəvidə yanaşıb və Arşavinin bu ideyaya tək gəlmədiyi haqqında söyləntilər ortaya çıxıb.

Bəs görəsən, bu təklifin reallığa çevirilməsi ölkəmizə nə qazandıra bilər? Ümumiyyətlə, bu, mümkündürmü? Həqiqətən də, Arşavin siyasi maraqlar nöqteyi-nəzərindən öyrədilmiş ola bilərmi?

Suallarımıza cavab tapmaq üçün AFFA İcraiyyə Komitəsinin üzvü, keçmiş futbolçu Vaqif Sadıqovla əlaqə saxladıq. O, "Yeni Sabah"a açıqlamasında bu ideyaya qarşı olduğunu bildirdi:

"Biz müstəqilliyimizi elə-belə, ona görə əldə etməmişik ki, hansısa ölkənin çempionatında çıxış edək. Müstəqil və inkişaf edən dövlətimiz var. Hesab edirəm ki, bizim öz çempionatımız olmalıdır. Bu çempionat da bizi Avropa müstəvisində layiqincə təmsil etməlidir. Mən Arşavinin həmin fikirlərinə qarşıyam. Biz müstəqillik əldə edəndən sonra məqsədimiz yalnız futbolumuzu Avropada tanıtmaq olub. Bunun üçün də əlimizdən gələni etməliyik. 

Öyrədilib-öyrədilməyib, öz fikridir, ya yox, açığı, bunu dəqiq deyə bilmərəm. Amma sırf mənə qalsa, ölkəmiz hər sahədə inkişaf edir, müstəqildir. Bunu elə-belə əldə etməmişik. "Qarabağ" bütün Avropaya Azərbaycanın olduğunu sübut edib və bundan sonra da sübut edəcək. 

Bilirsiniz, azarkeş baxımından da vəziyyət bayaq dediyim kimidir. Müstəqiliksə, azarkeş, onsuz da gələcək. Bu yanaşmadan çempionatın başqa ölkə çempionatına birləşdirilməsini də düzgün saymıram. Kimsə məsə deyirsə, onun fikri ilə oturub-duraq? Müstəqilliyimizi bunun üçün qazanmamışıq ki, kiminsə fikri ilə oturub-duraq. Bu müstəqilliyi qoruyub saxlamaq üçün bütün sahələrdə uğurlu olduğumuzu, ola biləcəyimizi hər kəsə sübut etməliyik".

V.Sadıqov iqtisadçı ekspert Natiq Cəfərlinin "sponsor qazanmaq üçün klublarımız digər ölkələrin tanınmış komandaları ilə yoldaşlıq oyunları da keçirilməlidir" fikirləri ilə də razılaşdığını və belə halda inkişafın da olacağını qeyd edib:

"Ayrı-ayrı klubların buraya gəlməsi və ya bizim klubların oraya getməsi, onlarla yoldaşlıq oyunlarının keçirilməsi sözsüz ki, ciddi inkişafa təkan verəcək. Bu futbolçularımıza da, futbolumuza da inkişaf baxımdan kömək edər. Bu fikirlərlə razıyam. Məncə, bu sponsor məsələsini həll etmək, həyata keçirmək üçün də imkan yaradılacaq. Yoldaşlıq görüşləri ilə özümüzü, markamızı tanıtdırmaq, sponsor cəlb eləmək mümkündür".

Reaksiya.az

Şərhlər