Dağlıq Qarabağın azərbaycanlı icmasının fəallaşması Ermənistanda ciddi narahatlığa səbəb olub

19.12.2019 14:50     Sosreaksiya     1818

Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevlə görüşməsi Ermənistanda ciddi narahatlıq yaradıb.

APA-nın xəbərinə görə, erməniləri daha çox görüş zamanı T. Gəncəliyevin icmalar arasında danışıqlarla bağlı yanaşmasının Fransa səfirində yaxşı təəssürat oyatması məyus edib.

Görüşə münasibət bildirən erməni politoloq Qrant Məlik-Şahnazaryan Fransanın Ermənistanın yaxın müttəfiqi olmasına diqqət çəkərək, yazıb: “Fransanın Azərbaycandakı səfiri Zakari Qross əvvəlcə Tural Gəncəliyevlə görüşür, sonra isə onun “Ümid edirəm ki, növbəti görüş Dağlıq Qarabağda olacaq” tvitini paylaşaraq, Tural Gəncəliyevin yanaşmalarının onda yaxşı təəssürat oyatdığını yazır. Fransa, sən də?”

Daha sonra o, bu mənzərənin Baş Nazir Nikol Paşinyan və Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın yürütdüyü xarici siyasət nəticəsində yarandığını, bu siyasət nəticəsində Ermənistanın heç bir müttəfiqinin qalmadığını, belə xəbərlərin artıq təəccübə səbəb olmadığını vurğulayıb.

Ermənistanın diplomatik müdafiəsinin məhv edildiyini bildirən erməni politoloq T. Gəncəliyevin rəhbərlik etdiyi Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının getdikcə siyasi amilə çevrildiyini də qeyd edib.

Ümumiyyətlə, bu ilin əvvəlində T. Gəncəliyevin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri seçilməsindən sonra icmanın xarici əlaqələrində canlanma hiss olunmaqdadır. Belə ki, il ərzində T. Gəncəliyevin erməni diasporunun aktiv olduğu Los- Ancelesə səfər etməsi, orada bir sıra görüşlər keçirərək erməni işğalından danışması, bundan başqa, icma sədrinin Belçikada Avropa Parlamentinin deputatları ilə təmaslar qurması Ermənistanda müzakirə mövzusuna çevrilməkdədir. Aparılan müzakirələr zamanı icma sədrinin fəaliyyətinin Ermənistanda böyük narahatlıq yaratdığı aydın şəkildə hiss olunmaqdadır.

Reaksiya.az

 

Şərhlər