İlham Əliyev ad günündə açılış etdi - FOTOLAR
24.12.2019 17:03 Sosreaksiya 2116
Dekabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışı olub.
Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev binada yaradılan şəraitlə tanış olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verib. Bildirildi ki, 2 saylı DOST mərkəzinin binası 2 mərtəbəlidir. Bina müasir üslubda layihələndirilib və mühəndis sistemləri baxımından ən yüksək tələblərə cavab verir. Bu DOST mərkəzi gün ərzində 250-300 vətəndaşı qəbul edə biləcək. Mərkəz Bakının Xəzər və Pirallahı rayonlarının əhalisinə xidmət edəcək. İl ərzində 70 mindən artıq vətəndaşa “bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 132 xidmət göstəriləcək. Mərkəzdə 80 nəfər, “Gənc DOST” proqramı üzrə isə 40 könüllü fəaliyyət göstərəcək. Burada “Pensiya və sosial sığorta”, “Sosial müavinətlər və təqaüdlər”, “Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, “Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, “Əmək münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” də var. Beləliklə, bu mərkəz də vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən “bir pəncərə”yə müraciət edib və “bir pəncərə”dən faydalanmasına imkan verir.
Qeyd edək ki, Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Dövlətimizin başçısının “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST Agentliyinin məqsədi də məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı, nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir.
Hazırda dünya təcrübəsində oxşar layihələr olsa da, DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihədir. DOST layihəsi artıq özünün dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb.
Prezident İlham Əliyev DOST mərkəzinin bir qrup işçisi və “Gənc DOST” könüllüləri ilə görüşüb:
“Bu gün DOST mərkəzinin ikinci binası istifadəyə verilir. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. DOST mərkəzlərinin yaradılması çox gözəl, əlamətdar hadisədir. Bu mərkəzlər sosial təminat sahəsində çox böyük dönüş yaradıbdır, innovasiyaların və müasir xidmətlərin göstərilməsi üçün çox gözəl alət olubdur. Şadam ki, DOST mərkəzlərinin yaradılması artıq geniş vüsət alır və bu, il ərzində açılan ikinci mərkəzdir. Gələn il də Bakıda və rayonlarda bir neçə mərkəzin açılışı nəzərdə tutulur. Beləliklə, gələn il DOST mərkəzlərinin əhatə dairəsi genişlənəcək və əhalimizin yarıdan çox hissəsini əhatə edəcək.
DOST mərkəzlərinin yaradılması bizim sosial siyasətimizin mahiyyətini göstərir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının sosial təminatı, rifah halı və rahatlığı bizim üçün prioritet məsələdir. Təsadüfi deyil ki, son illərdə bu sahədə çox böyük işlər görülüb. Həm DOST, həm də “ASAN xidmət” mərkəzləri bizim intellektual məhsulumuzdur. İndi “ASAN xidmət” öz intellektual məhsulunu ixrac edir, artıq bir neçə ölkədə bu layihələr icra olunur. Ümid edirəm ki, gələcəkdə DOST xidmətinin də fəaliyyəti başqa ölkələrdə maraq doğuracaq və təcrübə mübadiləsi üçün bizə müraciətlər daxil olacaq.
Digər önəmli məsələ ondan ibarətdir ki, bir binada 130-dan çox xidmət göstərilir. Əminəm ki, buraya müraciət edən və edəcək bütün vətəndaşlar bu xidmətdən razı qalacaqlar. Birinci mərkəzin açılışından sonra DOST mərkəzinə cəmi 6 ay ərzində 60 mindən çox müraciət olmuşdur və vətəndaşların məmnunluq əmsalı çox yüksəkdir. Bu, onu göstərir ki, həm bütün proses çox düzgün təşkil edilib və həm də bu mərkəzlər məhz innovativ əsaslarla fəaliyyət göstərir. Digər tərəfdən, birinci DOST mərkəzində çalışan işçilər və könüllülər vətəndaşlara çox gözəl xidmət göstərirlər. Bu da məni çox sevindirir. Çünki biz ictimai xidmətlər sahəsində yeni davranış qaydaları tətbiq edirik və xidmət mədənidir, çox dəqiqdir. Əminəm ki, DOST mərkəzinə müraciət edən hər bir şəxs buradan razı qayıdır.
Şadam ki, burada işləyənlərin mütləq əksəriyyəti, demək olar ki, hamısı gənclərdir. Bu, Azərbaycan gənclərinin fədakarlığını və öz işinə bağlı olduğunu, məsuliyyətlə yanaşdığını göstərir. Eyni zamanda, bu, gənclər üçün də çox gözəl hazırlıq mərhələsidir. Çünki siz gəncsiniz, müstəqil həyata yenicə qədəm qoymağa başlayırsınız və çox gözəl haldır ki, sizin işiniz buradan başlayır. Əminəm ki, burada qazanacağınız təcrübə gələcəkdə sizə kömək edəcək.
Kadr hazırlığı və ölkəmizin gələcək inkişafı baxımından DOST mərkəzlərinin çox böyük faydası var. Yəni, əgər iqtisadi terminlə desək, biz burada multiplikativ səmərə görürük. Bu gün həm vətəndaşlara xidmət, həm sosial təminat sahələrində şəffaflıq, dürüstlük tətbiq olunur və çox ciddi islahatlar aparılır. Mən bu islahatları yüksək qiymətləndirirəm. Müasir xidmət növləri, eyni zamanda, davranış qaydaları, mədəni xidmət formaları, hazırlıq və təcrübə toplanması. Bütün bu amillər burada işləyən hər bir gənc üçün çox önəmlidir. Əminəm ki, siz artıq peşəkar, müasir düşüncəli kadr kimi öz gələcəyinizi quracaqsınız və daha yüksək pilləyə qalxacaqsınız.
İlin sonunda Xəzər rayonunda belə gözəl mərkəzin açılması çox əlamətdar hadisədir. Son dövrlərdə sosial təminat sahəsində böyük işlər görülübdür. Bu il dövlət tərəfindən ən böyük sosial paket tətbiq olunub və bu, 4,2 milyon insanı əhatə edib. Bu, analoqu olmayan sosial təşəbbüsdür ki, həm maaşlar, həm pensiyalar, müavinətlər artırılıb, problemli kreditlərlə bağlı məsələ öz həllini tapıb. Biz bütün bu işləri vətəndaşların rifah halının yaxşılaşması üçün edirik. İqtisadi imkanlarımız artdıqca bu işləri görməyə başlamışıq və bu işlər gələcəkdə daha geniş vüsət alacaqdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də çox fəal işləyir, islahatlar aparır, yeni təşəbbüslər irəli sürür. Beləliklə, bu böyük sahə hesab edirəm ki, bundan sonra da çox önəmli aktor kimi özünü göstərəcək. Çünki bizim sosial siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu gün şəhid ailələri, müharibə əlilləri üçün yeni binanın açılışı nəzərdə tutulur. Bu il 800-dən çox ailə yeni evlərə, mənzillərə köçür. Gələn il bu rəqəm təqribən iki dəfə artıq olacaq. Yəni bizim iqtisadi inkişafımız imkan verir ki, sosial sahəyə daha böyük vəsait yönəldək. Hazırda 7500 şəhid ailəsi dövlət tərəfindən pulsuz evlər və mənzillərlə təmin olunub və bu proses davam etdiriləcəkdir.
Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Yeni ildə sizə yeni uğurlar arzulayıram. Sağ olun”.
Sonda xatirə şəkili çəkdirilib.
Şərhlər