Namizədlərin sayında azalma başladı
22.01.2020 14:24 Sosreaksiya 3366
Partiyalardan seçki kampaniyasının gedişatı barədə açıqlamalar
Azərbaycanda 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. Mərkəzi Seçki Komissiyasının (MSK) saytının məlumatlarına əsasən, onlardan 2247 nəfər imza vərəqələri götürüb, 1774 nəfəri imza vərəqələrini qaytara bilib, 1560 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb.
Deputatlığa namizədliyi qeydə alınan şəxslərin 360 nəfəri 19 siyasi partiyanın irəli sürdüyü namizədlər siyahısında olan şəxsdir. 11 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb. 1283 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb. Öz təşəbbüsü ilə namizədliyini irəli sürənlərin 100-ü siyasi partiya üzvləridir.
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) indiyə qədər dairə seçki komissiyalarının (DSK) qərarını ləğv edərək deputatlığa namizədliyini qeydə aldığı şəxslərin sayı isə dünən məlum olub. MSK ötən dövr ərzində DSK-ların 8 imtina qərarını ləğv edib və 8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. MSK-nın son iclasına qədər daxil olan 36 şikayətdən 8-i barədə müsbət qərar verilərək həmin iddiaçıkarın namizədliyi qeydə alınıb. 28 şikayət isə təmin edilməyib.
MSK-nın daha bir məlumatına görə, namizədlərin sayı 1560-dan 1542-yə enib. Bu, son iki gün ərzində deputatlığa namizədlərdən 18 nəfərinin öz namizədliyini geri götürməsi nəticəsində baş verib. Ekspertlərin fikrincə, qarşıdakı müddətdə bir sıra namizədlərin də seçkidən geri çəkiləcəkləri və beləliklə, namizədlərin sayında azalma davam edəcəyi gözlənilir.
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar qeydə alınmış deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısı isə 21 yanvardan ictimailəşdirilib. APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 26.2.5, 148.5-ci maddələrinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 20 gün qalanadək qeydə alınmış deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısını ictimailəşdirməlidir. Bu müddət yanvarın 20-dək olan dövrü əhatə edib. Artıq MSK-nn saytında qeydə alınmış deputatlığa namizədlərin siyahısı yerləşdirilib. Siyahıda 1542 deputatlığa namizəd yer alıb. Bununla yanaşı, MSK 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində bir neçə kitabça nəşr edib. Kütləvi informasiya vasitələrinin nümayəndələri, polis əməkdaşları və müşahidəçilər üçün yaddaş kitabçaları hazırlanıb.
Yaddaş kitabçaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb. Yaddaş kitabçalarında KİV nümayəndələrinin, polis əməkdaşlarının və müşahidəçilərin seçkilər dövründəki fəaliyyəti, hüquq və vəzifələri haqqında ətraflı məlumat öz əksini tapıb.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə secki-2020.az saytına açıqlamasında Milli Məclisə keçiriləcək seçkilər öncəsi ölkəmizdə mövcud olan seçki mühitini dəyərləndirib. O bildirib ki, aparılan monitorinqlər ölkədəki ictimai-siyasi vəziyyətin sabit olduğunu göstərir. Seçkilərdə deputatlığa namizədlərin sayının çox olduğunu bildirən ekspert qeyd edib ki, bu fakt seçkilərdə rəqabətin güclü olacağını deməyə əsas verir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu isə deyib ki, fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ölkəmiz üçün əhəmiyyətli hadisədir. O bildirib ki, seçkilərin şəffaf keçirilməsi üçün ölkədə əlverişli demokratik mühit var: “Azərbaycan prezidenti yerli jurnalistlərə müsahibəsində bu qərarın məntiqini izah edib. Birincisi, prezident də qeyd etdi ki, parlamentin yeni üzvləri fəal olmalı, qanunvericilik təşəbbüsü ilə çıxış etməlidirlər. İkincisi, Prezident gəncləri də parlamentdə görmək istədiyini ifadə edib. Yəni,bu iki şərt olduqca önəmlidir”.
Elxan Şahinoğlu qeyd edib ki, formalaşacaq parlament Azərbaycanın yeni çağırışlarına da cavab verməlidir: “Çünki ölkədə siyasi və iqtisadi islahatlar sürətlənir, kadr dəyişiklikləri aparılır. Ümid edirəm ki, növbəti parlament bu çağırışlara real cavab verə biləcək”.
Müxalifət partiyaları da seçki kampaniyasını davam etdirirlər. Onların bəziləri təbliğat-təşviqata yeni başlayıblar. Məsələn, Milli Məclisə növbədənkənar parlament seçkilərində deputatlığa namizəd, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin seçki qərargahının iclası keçirilib və təşviqat kampaniyasının 21 yanvardan start götürdüyü elan edilib. İclasda Fuad Əliyevin seçkilərdə əsas şüarı təsdiq olunub. ALDP mətbuat xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə, kampaniyanı aparmaq üçün 25 min məlumat vərəqəsi, 5 min cib təqvimi, plakat və digər seçki materialları hazırlanıb.
AMİP katibi, deputatlığa namizəd Əli Orucov isə bildirdi ki, namizədlərin seçki kampaniyasına hakimiyyət tərəfindən süni əngəllər barədə danışmaq hələ tezdir. Təbliğat-təşviqat hakimiyyətin tam istəyinə uyğun gedir: “Əgər bundan kənara çıxmalar olsa o zaman süni problemlər və əngəllər yaradacaqlar. Bəzi yerlərdə isə bərabər rəqabət və mübarizə prinsipləri pozulur. Yaxud hansısa namizədin yüksək rütbəli dövlət məmurlarının adından sui-istifadə halları barədə bizə siqnallar daxil olur. Konkret olaraq 59 saylı Salyan seçki dairəsində qadın namizədin belə bir üsula əl atması haqqında məlumatlar var. Partiyanın seçki qərargahı həm bu məlumatlar, həm də digər qeyri-qanuni addımlar barədə dəqiqləşdirmələr aparır. Dəqiqləşdirmənin nəticələri barədə mütəmadi olaraq ictimaiyyəti məlumatlandıracağıq. Təəssüflə qeyd etməliyəm ki, seçicilərin ümumilikdə seçkiyə və seçki prosesinə diqqəti və marağı aşağıdır”.
Müsavat Partiyasının 19 saylı Nərimanov seçki dairəsindən namizədi İsa Qəmbər isə sosial şəbəkədə özünün seçki plakatlarındakı şüarları təqdim edib: “Hörmətli dostlar, dəyərli seçicilər! Xatırladıram ki, mən İsa Qəmbər-19 saylı seçki dairəsində millət vəkilliyinə namizədəm. 1-2 həftə bu mövzuda sizə bilgilər verəcəm. İndilik iki seçki plakatımı təqdim edirəm. Birində partiya şüarımız - ”Gələcəyini səslə dəyiş!", digərində mənim şüarım - “Sizinləyəm!”
“Dar imkanlar və zamanda nə mümkündürsə onu etməyə çalışırıq. Ancaq yenə də banklar və yerli DSK-lar bizə qanunsuz olaraq bəzi problemlər yaradır. Bu barədə də MSK-ya şikayət edəndə orada adam tapa bilmirik. Məsələn, dünən mən 2 saatdan artıq MSK-ya və qaynar xəttə zəng etdim, telefonları açan olmadı. Yəni AĞ Partiya olaraq biz bu seçkilərdə 12 qeydə alınmış namizədlə çıxış edirik. Və vaxt da çox məhduddur, bununla belə, çox sadə işlərlə bağlı məsul dairələrlə ünsiyyət, komunikə həddindən artıq çox zamanımızı alır. Həmçinin təşviqat lövhələrinin sayının azlığı, olan lövhələrin çox uğursuz yerlərdə yerləşdirilməsi, lövhələrin sahəsinin namizədlərə nisbətdə yetərsiz olması bizə artıq problemlər yaradır. Eyni zamanda ödənişli efir zamanının qiymətlərinin fantastik, real şəraitdən tam uzaq olması da ayrıca problemdir. Bütün bu problemləri müzakirə etmək üçün də opponent tapmırıq. Biz AĞ Partiya olaraq sadaladığım bu hallarla bağlı MSK-ya şikayətlər ünvanlayacağıq. Təcili şəkildə bu məsələlər öz müsbət həllini tapmalıdır”.
Reaksiya.az
Şərhlər