Fərdi qaydada deputatlığa namizədliyini irəli sürmüş bir qrup YAP-çı partiyadan çıxarılıb

25.01.2020 17:51     Sosreaksiya     3309

Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) 200-dən çox üzvü fərdi qaydada deputatlığa namizədliyini irəli sürüb, onların bir qismi partiyadan çıxarılıb.

Bu barədə APA-ya açıqlamasında YAP İcra katibinin müavini Siyavuş Novruzov bildirib.

S. Novruzov deyib ki, YAP Siyasi Şurası və İdarə Heyəti tərəfindən partiyanın seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edilib: “Partiyanın İdarə Heyətinin 27 dekabr 2019-cu il tarixli qərarı ilə partiya tərəfindən 125 seçki dairəsindən 123-də deputatlığa namizəd irəli sürülüb. Partiya üzvlərinə də bu qərarda tövsiyə olunurdu ki, partiyanın qərarından kənar hər hansı şəxs partiya adından namizədliyini irəli sürə bilməz. Bununla bağlı rayon təşkilatları, ilk partiya təşkilatları tərəfindən partiya üzvləri arasında geniş işlər, söhbətlər aparıldı, hər bir YAP üzvünə partiyanın qərarı çatdırıldı. YAP Nizamnaməsinin 3-cü bölməsində partiyanın təşkilati prinsipləri və üzvlük qaydalarına dair birinci maddə var. Həmin maddəyə uyğun olaraq, YAP rəhbər orqanlarının qərarı bütün aşağı partiya təşkilatları və onların üzvləri üçün məcburidir. Həmçinin həmin maddənin 3.7-ci hissəsində göstərilir ki, partiya üzvləri hər bir rəhbər orqanın qərarını yerinə yetirməyə borcludur. Bu qərarları yerinə yetirməyən şəxs partiyanın rəhbər orqanlarının qərarını yerinə yetirmədiyinə görə Nizamnamə tələblərinə uyğun olaraq partiya üzvlüyündən xaric edilir, xəbərdarlıq olunur, töhmət verilir”.

YAP icra katibinin müavini qeyd edib ki, seçki kampaniyası çox ciddi aksiyadır: “Bu prosesdə partiyanın qərarları yekdilliklə yerinə yetirilməlidir. Burada gücün bir istiqamətdə qoyularaq partiyanın ümumi qələbəsinə sərf olunması lazımdır. Əlavə namizədliyini irəli sürən Azərbaycan Respublikasının vətəndaşları və YAP üzvləri var ki, vətəndaş kimi seçkidə iştirak etmək hüququndan istifadə edə bilər. Lakin onlar partiya üzvü olduqları üçün partiyanın rəhbər orqanlarının qərarlarını yerinə yetirməlidir. Bu baxımdan YAP-ın 200-dən çox üzvü namizədliyini partiyanın rəsmi şəkildə irəli sürdüyü namizədlərə alternativ olaraq irəli sürdüyü üçün rayon təşkilatları, ilk təşkilatlar, partiyanın Mərkəzi Aparatı tərəfindən onlarla söhbətlər aparıldı. Nəticə etibarilə onların böyük qismi partiyanın ümumi siyasətini əsas götürərək, eyni zamanda partiya üzvlüyü ilə bağlı Nizamnamə tələblərini dərk edərək namizədliyini geri götürdü. Bir qrup isə bu və ya digər şəkildə öz fikrində qaldı. Həmin şəxslər partiyanın ilk yerli təşkilatı, rayon təşkilatı tərəfindən partiya Nizamnaməsinin tələbinə uyğun olaraq, partiyanın rəhbər orqanlarının qərarını pozduqları üçün partiya sıralarından xaric olunublar. Bu gün üçün YAP-ı 123 seçki dairəsinin hər birində bir namizəd təmsil edir. Qalanları ilə bağlı isə Mərkəzi Seçki Komissiyasına qərarlarımızı təqdim etmişik və həmin şəxslər partiyanın adından istifadə etmək hüququndan məhrum olunublar”. 

Reaksiya.az

Şərhlər