Ölkə başçısının və Birinci vitse-prezidentin açılışını etdiyi Qobustan xəstəxanası hələ də işə başlamayıb - ŞİKAYƏT...

30.01.2020 13:56     Sosreaksiya     3561

Ötən ilin yanvar ayının 14-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləmiş şəhər xəstəxanasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da açılışda iştirak edib. 
 
Lakin açılışın üstündən bir il vaxt keçsə də, xəstəxana hələ də fəaliyyətə başlamayıb. Bu haqda Moderator.az-a Qobustan qəsəbə sakinləri məlumat veriblər və aidiyyatı qurumların tədbir görməsini xahiş ediblər. Onlar əməkdaşımızla söhbəti zamanı bildiriblər ki, xəstəxananın indiyə kimi fəaliyyətə başlamamasının səbəbini bilmirlər və yenə də qəsəbədə müxtəlif yerlərdə tibb məntəqələri fəaliyyət göstərir. İnsanların isə həmin məntəqələrə üz tutmaları çətin olur. Qobustan qəsəbə sakinləri Səhiyyə Nazirliyinin onlara qarşı biganə münasibətinə son qoymasını və dövlət tərəfindən tikilən və müasir standartlara cavab verən xəstəxananın fəaliyyətə başlamasının vaibliyini vurğulayıblar. 
 
 
Bildirilir ki, 60 çarpayılıq dördmərtəbəli birləşmiş şəhər xəstəxanasının ərazisində təcili yardım stansiyası və digər binalar inşa olunub, zəruri infrastruktur yaradılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi isə 1,4 hektardır, tibb ocağının binasının ümumi sahəsi isə 8 min kvadratmetrə yaxındır.
Ümumiyyətlə, Qobustanda xəstəxana 1955-ci ildən fəaliyyətə başlayıb. Xəstəxana binalarının yararsız vəziyyətdə olması nəzərə alınaraq Prezident İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamı ilə Qobustan qəsəbəsindəki 17 nömrəli birləşmiş şəhər xəstəxanasının yenidən qurulması üçün maliyyə vəsaiti ayrılıb.  Tikinti işləri zamanı köhnə xəstəxananın yerləşdiyi binalar sökülüb və onların yerində müasir standartlara uyğun yeni xəstəxana binası tikilib. 
 
Qeyd edək ki, Qobustan qəsəbəsində tikilən xəstəxanada ümumi qəbul, funksional  diaqnostika, pediatriya, mama-ginekologiya, travmatologiya, cərrahiyə və doğum şöbələri, rentgen, terapevt, EKQ, otorinolorinqoloq, oftalmoloq, stomatoloq kabinetləri, əczaxana yaradılıb. Tibb müsəssisəsində, eyni zamanda , ümumi terapiya, reanimasiya şöbələri, böyüklər və uşaqlar üçün palatalar, laboratoriyalar var. Xəstəxananın hemodializ və fizioterapiya şöbələrində müasir avadanlıqlar quraşdırılıb. Tibbi heyət köhnə xəstəxanada gün ərzində 80-90 xəstəyə xidmət göstərə bilirdisə, yeni binada gün ərzində 200-300 xəstəyə tibbi xidmət göstərmək mümkün olacaq. Yeni xəstəxana binası istifadəyə verilərsə, burda 200-250 həkim, orta və kiçik tibb heyəti və yardımçı işçilərin işlə təmin olunması nəzərdə tutulur.
Sakinlərin əməkdaşımıza bildirdiyinə görə 17 saylı birləşmiş xəstəxananın baş həkimi Elmira Rəfailova istədiyi komandanı formalaşdıra bilmədiyi üçün xəstəxananın fəaliyyətə başlamasının vaxtını bir ildən çoxdur ki, uzadır. 
 

Şərhlər