Ağstafaya icra başçısı təyin olunan Seymur Orucov kimdir?
21.05.2020 14:28 Sosreaksiya 3142
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Seymur Vaqif oğlu Orucovun Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Reaksiya.az xəbər verir ki, Orucov Seymur Vaqif oğlu 1984-cü il oktyabr ayının 27-də Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olub.
Orta təhsilini 2001-ci ildə bitirib. Elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” fakültəsinə daxil olub, 2005-ci ildə bakalavr təhsil pilləsini bitirib. 2005-ci ildə universitetin magistr təhsil pilləsinə “Maliyyə-kredit” ixtisası üzrə qəbul olub və 2007-ci ildə həmin ixtisas üzrə magistr dərəcəsi alıb.
2007-ci ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verib, Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” kafedrasına aspirant kimi qəbul olunub. 2010-cu ildə iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almaq üçün “Müasir şəraitdə dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi problemləri” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib.
2006-cı ildən 2009-cu ilin iyun ayına kimi Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.
2009-cu ildən 2011-ci il aprel ayınadək Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri və 2009-cu ilin noyabr ayından 2011-ci ilin aprel ayınadək tərbiyə işləri üzrə prorektor əvəzi vəzifəsində fəaliyyət göstərib.
29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin, aprelin 4-də isə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.
Prezident İlham Əliyevin 4 iyun 2010-cu il tarixli, 951 nömrəli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
İqtisad elmləri üzrə fəlsəfə doktorudur. Evlidir.
Qeyd edək ki, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev DTX-nin 2019-cu il dekabrın 19-da keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Həmin ilin dekabrın 20-də Prezident İlham Əliyevin sərəncamı ilə N.Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Şərhlər