Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu

04.06.2020 11:51     Sosreaksiya     585

Sumqayıt Telekommunikasiya Qovşağının (STQ) beş əməkdaşı koronavirusa yoluxub. 

Xeberle.com-un məlumatına görə, qurumun koronavirus aşkarlanan əməkdaşlarının çalışdığı şöbənin fəaliyyəti dayandırılıb və orada çalışan digər işçilər də karantinə alınıb. 

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovun da sosial izolyasiya olunduğu qeyd olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat katibi Günel Gözəlova bildirib ki, “Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının Kommersiya şöbəsinin bir əməkdaşı koronavirus infeksiyasına yoluxma şübhəsi ilə karantinə alınıb:

“Həmin əməkdaşla təmasda olmuş şəxslərin ilkin yoxlanılması zamanı daha dörd nəfərdə test nəticələri pozitiv olub”.

G.Gözəlova vurğulayıb ki, bununla əlaqədar qovşağın daha 18 əməkdaşından testlər götürülüb və nəticələr bəlli olanadək onlar evdə sosial izolyasiya olunublar:

“Qovşağın inzibati binasında, iş otaqlarında mütəmadi dezinfeksiya işləri aparılır. TKQ-nin rəhbərliyinin koronavirus infeksiyasına yoluxma şübhəsi ilə karantinə alınması məlumatı isə həqiqəti əks etdirmir”.

Mətbuat katibi sözlərinə onu da əlavə edib ki, hazırda Sumqayıt TKQ-nin fəaliyyəti normal şəkildə davam etdirilir. Karantin qaydalarına riayət edilməklə abunəçilərə rabitə xidmətləri göstərilir. 

Qeyd edək ki, rəsmi məlumata görə, Sumqayıtda indiyədək 260 nəfər koronavirusa yoluxub.

Reaksiya.az

Şərhlər