“Yas mərasimlərində kütləvi yoluxmalar var”

12.06.2020 12:25     Sosreaksiya     1368

Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyası ilə əlaqədar həftəsonu Azərbaycanın 9 şəhər və rayonunda sərtləşdirilmшю karantin rejiminin tətbiqinə qərar verib. Belə ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş qaydalar tətbiq ediləcək.
 
Adıçəkilən ərazilərin deputatları yerlərdəki mövcud durum haqqında Modern.az-a danışıblar.
 
40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin deputatı Musa Quliyev bildirib ki, bütün böyük şəhərlərdə olduğu kimi, Gəncədə də koronavirusa yoluxma çoxdur:
 
“Bu isə əhalinin sıxlığı, şəhər mühiti ilə bağlıdır. Həmçinin, karantin qaydalarına vaxtında, düzgün əməl edilməməsi, biganəlik halları da özünü göstərdi. Özünü qoruma tədbirlərinə xüsusilə karantinin yumşaldıldığı dövrdə düzgün əməl edilmədiyini gördük. Gəncədə koronavirusa yoluxanlar var, amma hər şey nəzarət altındadır. İcra hakimiyyətinin, yerli səhiyyə strukturları nəzarəti həyata keçirirlər. Xəstəxanalarda qəbul üçün yerlər, şərait var. Dərman preparatları, həkim kadrları yetərincədir. Amma artım bu tempdə davam edərsə, həm Gəncədə, həm də digər şəhərlərdə, ümumilikdə bütün ölkədə səhiyyə müəssisələrinin, tibb personalının çatışmazlığı ilə üzləşə bilərik. Ona görə, həftəsonu ciddi karantin rejiminə əməl etmək vacibdir. Ölkə başçısının modul tipli xəstəxananın açılışında qeyd etdiyi tövsiyələr bizim üçün vacibdir. Sosial məsafənin gözlənməsi, maskalardan istifadə və dezinfeksiyaedici vasitələrdən vaxtlı-vaxtında, düzgün istifadə şəraitinə öyrəşməliyik. Bu bizim həyat tərzimizə çevrilib”.
 
Musa Quliyev Gəncə əhalisinə mərasimlər keçirməkdən, müxtəlif tədbirlərə qatılmaqdan imtina etməyi məsləhət görüb:
 
“Xüsusilə yas mərasimlərində yoluxanların çox olduğu barədə ciddi, narahatedici siqnallar var. Son həftələrdə yoluxanların əksəriyyəti kütləvi şəkildə yas yerlərinə gedənlər, onların ailə üzvləridir. Hesab edirəm ki, bunu da müvafiq qurumlar nəzarət altına götürməlidirlər.
 
Hər bir halda çalışmalıyıq ki, üzərimizə düşənləri yerinə yetirək. Hökumətin gördüyü tədbirlərə əhali dəstək göstərməsə, koronavirusla əlaqədar ciddi problemlərlə üzləşə bilərik. Ona görə, Gəncə sakinlərinə və bütün ölkə əhalisinə məsləhətimiz qeyd edilən qaydalara tam riayət etmələridir”.
 
48 saylı Yevlax seçki dairəsini Milli Məclisdə təmsil edən deputat İlham Məmmədov isə qeyd edib ki, ölkəmizdə vətəndaşların sağlamlığının qorunması üçün bütün zəruri addımlar atılıb:
 
“Görülən tədbirlər nəinki ölkəmizdə, dünyada da yeni model kimi qiymətləndirildi. Təbii ki, sərt karantin rejimi tətbiq olunan dönəmdə ölkəmiz vaxt qazandı ki, əhalinin sosial, psixoloji və iqtisadi durumunun yaxşı olması üçün bütün tədbirləri görsün. Amma təəssüf  ki, yumşalma olduğu vaxtda insanların məsuliyyətsizliyi ucbatından problem daha da artdı. Tək sıx şəhərlərdə deyil, regionlarda da yoluxma artmağa başladı.
 
Yevlax İcra hakimiyyəti elə ilk vaxtlardan dezinfeksiya tədbirlərinə başladı, küçələr, parklar, bazarlar, ictimai yaşayış binalarının  bloklarına qədər - hər yer dezinfeksiya olundu. Karantin dövründə insanların məmnunluğunu təmin etmək üçün rayonda bankomatlar, “MilliÖn” ödəmə vasitələri, səyyar market və apteklər istifadəyə verildi.
 
Təəssüf ki, insanların bəzi hallarda karantin qaydalarına müqavimət göstərdiyini də müşahidə etdik. Koronavirus bəlasının olmadığını iddia edənlər də var idi. Bunun nəticəsində həftə sonları üçün sərt karantin rejiminin tətbiq olunmasına ehtiyac yarandı”.
 
Deputat vurğulayıb ki, Yevlax İcra Hakimiyyəti daxilində qərargah yaradılıb:
 
“Ayrı-ayrı vətəndaşlarla, şəhər icra hakimiyyətinin başçısı, oradakı səlahiyyətli şəxslərlə mütəmadi əlaqə saxlayıram.  Bu həftənin sonunda sərt karantin rejiminin tətbiqi ilə bərabər artıq Yevlax İcra Hakimiyyəti yanında yaradılmış qərargah fəaliyyətə başlayıb. İnsanlara sərt karantin rejiminə ciddi riayət etmələri üçün çağırışlar edirlər. Eyni zamanda səhiyyə müəssisələrində də həkimlərin növbəli qrafik əsasında işə çıxaraq, səhhətində problem yaranan insanlara köməklik göstərməsi təşkil edilib. Bu ümumi bəladır. Pandemiyadan azad olmaq üçün inzibati metodlar deyil, insanların məsuliyyəti böyük önəm daşıyır”.
                                  
87 saylı Ağsu - İsmayıllı seçki dairəsinin deputatı Tahir Kərimli də İsmayıllıda insanların mümkün qədər karantin qaydalarına əməl etdiyini bildirib:
 
“İsmayıllı İcra Hakimiyyətinin başçısı da bununla bağlı açıqlama verib, davamlı məlumatlar paylaşılır. İcra Hakimiyyəti öz təşəbbüsü isə vətəndaşlar arasında test aparır.
 
İsmayıllıda vəziyyət hazırda normaldır. Camaat hər zaman qaydalara riayət edən xarakteri ilə seçilib. Ona görə karantin rejiminin pozulması hallarının kütləvi olduğunu düşünmürəm. Rayonda mobil qruplar yaradılıb, məlumat gələn bütün sahələr yoxlanılır, testlər keçirilir”.
 
Tahir Kərimli İsmayıllı camaatından istəyini də dilə gətirib:
 
“İnsanlar inamsızlıq nümayiş etdirməsinlər. Koronavirus bəlası həqiqətən var, karantin qaydalarına riayət etmədikcə, daha da genişlənir. Ona görə, insanlara məsləhətim bu məsələdə son dərəcə həssas olmaqdır. #Evdeqal çağırışına əməl etmək, tibbi maskalardan, dezinfeksiya məhlullarından istifadə etmək lazımdır. İsmayıllı rayonun əksəriyyəti kəndlərdən ibarətdir. Öz həyəti olan ailələr çalışıb, başqaları ilə ünsiyyətdən qaçmalıdırlar. Mərasimlər, görüşlər, qonaqlıqlar keçirilməməlidir. Nəzərə almalıyıq ki, səhhətimiz hər şeydən önəmlidir”.
 

Şərhlər