Uşaq evlərinin sakinlərinə necə kömək etmək olar? - MÜNASİBƏT

05.06.2015 19:40     Sosreaksiya     27051

Sevindirici haldır ki, bundan öncə yazdıqlarım insanların diqqət və marağını cəlb edib və nəticədə oxuculadan çoxsaylı suallar alıram. Ən əsas sual isə “Uşaq evlərində yaşayan uşaqlara necə kömək edə bilərik” olur. Təbii ki, “kömək” geniş anlayışdır və həmin uşaqların ehtiyacları əslində siz düşündüyünüzdən fərqlidir.

Təəssüf  ki, uşaq evləri ilə bağlı səhv bir fikir formalaşıb. Çoxları elə düşünürlər ki, valideyn himayəsindən məhrum olmuş uşaqlara maddi yardımlar etməklə, yemək-içmək, geyim, oyuncaq və s almaqla onlara yardım etmək olar. Əslində isə bu qətiyyən belə deyil.  Uşaq evləri və internatlarda yaşayan uşaqlar üçün sizin onlara baş çəkməniz hər şeydən öncə onlar üçün maraqlı və fərqli gün deməkdir. Təsəvvür edin ki, üç-dörd gün eyni yerdə, eyni insanları görürsünüz, onda şübhəsiz ki, darıxar və fərqli bir şey etmək istəyərsiniz. Bu uşaqlar isə ömürlərinin on səkkiz ilini eyni küçədə, eyni yerdə, demək olar ki, eyni insanlarla keçirməyə məcburdurlar. Belə olan halda ən kiçik bir dəyişiklik belə onlar üçün böyük şeydir. Sizin bu uşaqları başınıza yığıb söhbət etməniz , onlarla maraqlanmanız onlar üçün ən böyük hədiyyədir. Bütün bunları nəzərə alaraq sizin bu uşaqlar üçün edə biləcəklərinizi aşağıdakı şəkildə qruplaşdırmaq olar:

Onlara bacı-qardaş, ailə ola bilərsiniz. Vaxtınız, imkanınız olduqda onları ziyarət edin, tez-tez gələcəyinizi bildirin. Bu halda onlar özlərini tək hiss etməyəcəklər

Əgər siz universitet tələbəsisinizsə və ya bu işlər barədə məlumatlısınızsa internat evlərində oxuyan uşaqlara müxtəlif fənlərdən dərs verməklə universitetlərə və texnikumlara qəbul olmaq istəyənlərə yardım etmiş olarsınız. Qeyd edim ki, rəsmi qərara görə uşaq evləri və internatlarda böyümüş şagirdlər ödənişli əsaslarla belə ali məktəblərə qəbul olsalar, dövlət hesabına təhsil alma hüququna malikdirlər. Bu uşaqları təhsilə yönəltməklə siz  onları pis vərdişlərdən çəkindirə bilər və daha gözəl gələcək qurmalarına kömək edərsiniz. Unutmayın ki, orada yaşayan uşaqların universitetə hazırlıqla, təhsil vasitələri, sınaq imtahanları, qəbul qaydaları və s ilə bağlı məlumatları məhduddur və bir çox hallarda bu ciddi problemə çevrilir. Uşaq evində böyümüş biri kimi vaxtilə mən də bu problemləri yaşamışam. Bir gün uşaq evinə gələn xanımdan mənə bəzi kitabları və vasitələrini gətirməsini xahiş etmiş, bu yolla hazırlaşaraq universitet qəbul olmuşdum.  Siz də əlinizdə olan hazırlıq kitablarını, jurnalları, sınaq imtahanı suallarını və s bu uşaqlarla paylaşa bilər, onlara ali məktəblərə qəbul prosesində yaxından dəstək ola bilərsiniz.

Yuxarıda da qeyd etdiyim kimi bu uşaqların əsas problemlərindən biri də hər gün eyni şeyləri yaşamaları, həyatlarında fərqliliyin çatışmasıdır.  Bunu aradan qaldırmaq üçün  onların muzeylərə, teatrlara  və s bu kimi yerlərə gəzintisini təşkil edə bilərsiniz. Bunun üçün uşaq evi və internat rəhbərliyindən icazə almaq və  nəzarətçinin müşayəti ilə uşaqları gəzintiyə aparmaq lazımdır.

Uşaq evləri və internatlarda yaşayan şagirdlərin  bir digər problemi də istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək üçün imkanlarının məhdud olmasıdır. Məsələn, mənim qardaşım çox gözəl rəsmlər çəkərdi. Hətta bir neçə dəfə müxəlif müsabiqələrdə qalib də olmuşdu. Lakin məlum olduğu kimi uşaq evində bunun üçün yetərincə şərait yox idi. Çox vaxt qələm, kağız və s kimi zəruri ləvazimatlar çatışmırdı. Buna görə də indi o rəsmlə yalnız hobbi kimi məşğul olur. Uşaq evlərində mənim qardaşım kimi müxtəlif sahələrdə istedadı olan çox sayda uşaqlar yaşayır. Əgər sizin bu sahədə bilik və bacarığız varsa onlara istiqamət verə və dəstək ola bilərsiniz.

Sahəsindən asılı olmayaraq həkimsinizsə uşaqlara çox böyük faydanız toxuna bilər. Belə ki, bir çox hallarda uşaq evləri sakinlərinin stomatoloq və s kimi həkimlərə ehtiyacları yaranır. Siz əgər psixoloqsunuzsa onda uşaqlarla psixoloji söhbətlər edə bilər, ayda bir neçə dəfə onlarla psixoloji testlər həyata keçirə bilərsiniz. Bu uşaqlar söhbətləşməyə , dərdlərini bölüşməyə çox ehtiyac duyurlar. Təbii ki, burada olanlar ən müxtəlif ailələrdən gəliblər və müxtəlif səbəblərdən tərk ediliblər. Belə olan halda onların çox psixoloji travma alıb və bu da sonrakı həyatlarına olduqca mənfi təsir göstərir. Buna görə də onlarla daimi söhbətlər aparmaq, dərdlərinə şərik olmaq və s olduqca vacibdir. 

 

Gülayət Hacıyeva 

 

Reaksiya.az üçün

Şərhlər

Çox oxunanlar