Xaqani Rüstəmov küçəsi yenidən qurulur - FOTOLAR

13.08.2015 11:12     Sosreaksiya     1780

"Bakı Ağ Şəhər" ("Baku White City") layihəsi çərçivəsində Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən Xaqani Rüstəmov küçəsinin əsaslı şəkildə yenidənqurulması işləri həyata keçirilir. Ümumi uzunluğu 1050 metr olacaq küçənin 600 metrlik hissəsində qazma-dolma və torpaq işləri görülür.

Reaksiya.az xəbər verir ki, yenidənqurma işləri çərçivəsində hazırda yol yatağının əsası tikilir. X.Rüstəmov küçəsində yol geyiminin qalınlığı 79 santimetr olması nəzərdə tutulub. Bunun 27 santimetri əhəngdaşı, 25 santimetri qum-çınqıl və 27 santimetri asfalt-beton örtükdür.

Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirəcək X.Rüstəmov küçəsi 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq. Küçənin eni 45 metr, ayrıcı zolağın eni 3 metr, səkinin eninin isə bəzi yerlərdə 4,5 metr olması nəzərdə tutulub. Küçə qərbdən paytaxtın "Yaşıl ada" adlanan müasir mərkəzi ərazisini əhatə edir. Bu küçənin abadlaşdırılması ərazinin ilk sakinlərinin rahat yaşamasına yardım edəcək, həmçinin onların "Bakı Ağ Şəhər"in daxilində və xaricində ayrı-ayrı obyektlərə asan çıxışını təmin edəcək.

"Bakı Ağ Şəhər" layihəsi çərçivəsində X.Rüstəmov küçəsi ilə Nobel prospektinin və X.Rüstəmov küçəsi ilə Süleyman Vəzirov küçələrinin kəsişmələrində yeraltı piyada keçidlərinin tikintisi işləri də aparılır. İki ədəd keçidin hər birinin uzunluğu 280 metr, qalereyasının eni 8 metr, hündürlüyü isə 3,2 metrdir. Keçidlər 16 ədəd eskalatorla təmin olunacaq.

Ümumilikdə "Bakı Ağ Şəhər" layihəsinə uyğun olaraq 27,3 kilometr yeni avtomobil yolu tikilməlidir. Şəhər əhəmiyyətli küçələrin 2-6-8 hərəkət zolaqlı olması planlaşdırılır. Yollarda hərəkət zolaqların eninin 3,5 metr, ayrıcı zolağın eninin 2-4 metr, yol örtüyünün isə polimer asfalt-beton olması nəzərdə tutulub.

Şərhlər

Çox oxunanlar