FHN çimərlik ərazilərində təhlükəsizlik tədbirlərini gücləndirib
17.06.2020 16:10 Sosreaksiya 2323
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlik ərazilərində təhlükəsizlik tədbirlərini gücləndirib.
Bu barədə Trend-ə açıqlamasında nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili deyib.
Onun sözlərinə görə, bu tədbirlər ölkədə çimərlik mövsümünün başlaması ilə əlaqədardır: "Bilirsiniz ki, iyun ayının 16-dan çimərlik mövsümü başlayıb. Buna baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti olaraq biz mövsümqabağı təhlükəsizlik tədbirləri görmüşük. Bu tədbirlər çərçivəsində xidməti ərazilərdə dalğıclar vasitəsilə sualtı baxışlar keçirilib, həmin yerlər təmizlənib, sualtı müayinələr zamanı aşkar olunmuş təhlükəli yerlər xüsusi nişanlanıb. Eyni zamanda, çimərliklərdə üzmə sərhədini müəyyən edən nişanlar yerləşdirilib, bu nişanlar vətandaşlara həmin yerə qədər üzməyə icazə verir.
Bununla yanaşı, vətəndaşların maarifləndirilməsi ilə bağlı ərazilərə xüsusi təlimat lövhələri vurulub. Həmin lövhələrdə çimərliklərdə davranış qaydaları əks olunub. Həmçinin, struktur bölmələrin balansında olan bütün texnika və vasitələr mövsüm üçün hazır vəziyyətə gətirilib. Artıq iyunun 15-dən Dövlət Xidməti gücləndirilmiş rejimə keçib".
Şərhlər