Bakıda tibb işçiləri ayağa qalxdı
09.09.2020 16:29 Sosreaksiya 745
“Maaşımızı verin!”
1 nömrəli modul tipli xəstəxanın bir qrup işçiləri bir aydan artıqdır ki, maaşlarını ala bilmədiklərini bildirib.
Reaksiya.az xəbər verir ki, bu barədə modul tipli xəstəxanın bir qrup işçisi avtoxəbər.az-a məlumat verib.
1 nömrəli modul tipli xəstəxananın Sanitariya Gigiyena şöbəsində xadimə kimi çalışan Nəcəfova Ulduz Qubad qızı bildirib ki, çalışmaq üçün iyun ayında sözügedən modul tipli xəstəxanaya könüllü olaraq müraciət edib:
“Bir aydan çox müddətdir ki, işlədik və sonra bizə bildirdilər ki, xəstələrin sayı azaldığına görə, sizi məzuniyyətə göndəririk. Onlar qeyd etdilər ki, modul tipli xəstəxana 1 saylı Bakı şəhər klinik xəstəxananın nəznində olduğuna görə, oranın işçiləri işləmək üçün kifayət edir. Maaşa gəldikdə isə dedilər ki, gedin, üç-dörd gün ərzində sizə zəng olunacaq və maaşlarınızı verəcəklər. Amma artıq iki ay tamam olur ki, bizim maaşlarımızı vermirlər. Hər dəfə biz maaşımızın verilməsi ilə bağlı müraciət edirik, bu gün olacaq, sabah olacaq deyə-deyə, artı iki ayı tamamlamışıq. Mən kefimdən gedib, orda işləməmişəm. Məcbur olub, evdə ailəni dolandırmaq üçün gedib, orda işləmişəm. Həm də pandemiyanın ən qızğın vaxtında biz orda işlədik. Hər şeyi gözə aldıq ki, ailəmiz ac qalmasın. Öz halal zəhmətimin haqqını istəyirəm, kimdənsə əl açıb dilənmirəm. Uşağım xəstədir, pula ehtyacım olmasaydı, gedib işləməzdim. Ehtiyacımız olub ki, gedib özümüzü riskə ataraq işləmişik. Hər dəfə də eyni sözü deyirlər, gedin, maaşlar veriləcək”.
Şikayətçi Gözəlova Ceyran Saleh qızı da artıq iki ay olacaq ki, xəstənadan maaşını ala bilmədiyinə görə, şikayətçidir:
“Mən iyunun 24-də işlə bağlı sözügedən xəstəxanaya müraciət etdim. Mənim 57 yaşım var. Yaşıma görə heç yer məni işə götürmürdü, bir tanışım mənə dedi ki, belə bir iş yeri var, get, müraciət et. Əlacsız və ümidsiz şəkildə xəstəxanaya yaxınlaşdım. Elə xəstəxanaya daxil olan kimi, virusa yoluxmuş xəstələrə qulluq edən işçilər üçün nəzərdə tutmuş xüsusi geyimi verdilər və işə başladım. Onlara birinci növbədə işləyə bilməyəcəymi bildirdim, çünki atam xəstə idi, günün birinci yarısı ona qulluq edirdim, ikinci yarısı isə xəstəxanada işləyə biləcəkdim. Avqustun 17-də mənə zəng etdilər və dedilər ki, xəstələrin sayı azalıb, işə gəlməyin, sizə məzuniyyət verilir".
"Allah o paltarı geyinməyi heç kimə nəsib etməsin. Ərsiz qadınlarıq, işə ehtiyacımız var idi, könüllü olaraq çalışmaq istədik ki, ailəmizi dolandıraq. Hətta işə gecikdiyim vaxtlar olub ki, heç olmasa işimdən olmayım deyə taksiyə minib getmişəm, taksi pulunu da borc alırdım. Bir dəfə polis bizi saxladı ki, cərimə etsin, bizim adımızı rəsmi olaraq portala da yerləşdirməmişdilər. Avqustin 17-də mənə zəng etdilər ki, artıq işə gəlməyə ehtiyac yoxdur. Mən də birgə işlədiyim qadınlara zəng etdim, onlar da dedilər ki, bizə də bildiriblər artıq işə gəlməyə ehtiyac yoxdur. Borc alıb, dolanıram. Bu dəqiqədə borclarım yığılıb. Nə vaxta kimi belə yaşayacam?! Mən haqqımı tələb edirəm"- deyə Gözəlova ağlayaraq bildirib.
Ceyran Gözəlova şəkər xəstəsi olduğunu qeyd edib:
“İnsan nə qədər gedib, gələr, heç olmasa bir dəqiq vaxt demirlər ki, mən də borc aldığım insanlara deyim ki, bu vaxt borcunuzu gətirib, qaytaracam. Sonuncu dəfə yaxınlaşanda dedilər ki, Semaşkonun işçilərinin maaşı da verilmir, adınız burdadır, biz sizi çağıracağıq. O paltarı altı saat geyinməliydim, mən on iki saat geyinmişəm. Budur, mənim haqqım? İşçiləri işə çatdırmaq üçün Semaşkonun xüsusi avtobusu var idi. O avtobusada məni götürmürdülər”.
Digər şikayətçi Xəyalə Qəhrəmanova da maaşının verilməməsi ilə bağlı bizə müraciət edib:
“Mən həmin xəstəxanada bir ay çalışdım. Artıq 3 ay olacaq maaşım verilmir. Biz ora müraciət edəndə az maaşa getmişdik, sonradan Prezidentin sərəncamı oldu ki, COVİD19-a yoluxmuş xəstələrlə çalışan bütün işçilərin maaşları artırılsın. Ulduz xanımla eyni gündə və ayda işə başlamışıq”.
Əsmaya Rəsulova da eyni problemdən şikayətlənir:
“İyun ayından işə başladım, yarım aylıq maaşımı aldım. İyul ayından avqust ayına kimi olan əməkhaqqımızı ala bilmirik”.
Məsələylə bağlı İcbari Tibbi Sığorta Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədovayla əlaqə saxladıq. Şikayətçilərin problemlərini mətbuat xidmətinin rəhbərinə ünvanladıq. Qurumun rəsmisi bildir ki, məsələylə bağlı araşdırma aparılacaq və yekun nəticə barədə məlumat veriləcək.
Şərhlər