“Azəriqaz” millət vəkilinə cavab verdi

10.09.2020 17:00     Sosreaksiya     665

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Milli Məclisin üzvü Məşhur Məmmədovun “Qaz çəkilişi ilə bağlı müəyyən texniki şərtlərin tarifləri çoxdur. Masallıda seçicilər deyir ki, bir evə qaz çəkilməsi üçün 16 400 manat tarif qoyulub. Halbuki o evin heç qiyməti 5 000 manat deyil” açıqlamasına  və onun quruma müraciət etməsinə münasibət bildirib.

"Azəriqaz"dan Reaksiya.az-a verilən açıqlamada deyilir:

“Hörmətli millət vəkilinin diqqətinə çatdırmaq istərdik ki, onun “Azəriqaz”a müraciəti Masallı rayonunun Şərəfə kəndindəki yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı olub. Məktuba 1 sentyabr 2020-ci il tarixində yazılan cavabda açıq-aydın qeyd edilib ki, yaşayış məntəqələrinin qazlaşdırılması “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti ilə mərhələli şəkildə icra olunur. Növbəti mərhələdə Masallı rayonunun təbii qazla təmin olunmayan yeni yaşayış massivlərinin, o cümlədən qeyd olunan ərazinin qazlaşdırılması üçün maliyyə vəsaiti ayrıldıqdan sonra həmin yaşayış sahəsinin qaz təminatı məsələsi mərhələli şəkildə öz həllini tapa bilər.

M.Məmmədovun qaz çəkilişi üçün böyük məbləğdə vəsait tələb olunmasına dair fikirlərində “Azəriqaz”ın adının hallandırması düzgün deyil. İstehsalat Birliyi ödənişli qaz çəkilişləri həyata keçirmir. “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşın qanuni icazəsi (lisenziyası) olan 100-dən çox podratçı tikinti təşkilatı ilə müqavilə bağlamaq imkanı var. Seçim onun öz öhdəsinə qalır. Vətəndaş fərdi sifarişlə öz vəsaiti hesabına qazlaşmanı aparır və podratçı təşkilatla onun arasındakı münasibətlərə “Azəriqaz” müdaxilə etmir. Bu halda yalnız fərdi yaşayış evlərinin qazlaşdırılması üçün qaz sayğacları və texniki şərt ödənişsiz verilir. Əgər millət vəkilinin dediyi kimi kimdənsə, bizim əməkdaşlarımız vəsait tələb edibsə, o, bunu araşdırılması üçün müvafiq dövlət orqanlarına korrupsiya halı kimi təqdim edə bilər.

Lakin bütün bunlara baxmayaraq, abunəçi məmnuniyyətini daim üstün tutan "Azəriqaz" yuxarıda adı çəkilən yaşayış massivinin sakinləri üçün öz daxili imkanları hesabına daşıyıcı xəttin çəkilməsini həyata keçirəcək".

Şərhlər