Həbs edilən vergi əməkdaşlarının məhkəməsi başladı

11.09.2020 10:06     Sosreaksiya     833

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin sabiq əməkdaşları Azər Allahverdiyev və Cahid Tahirov cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Reaksiya.az xəbər verir ki, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası sentyabrın 21-ə təyin edilib.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi Azər Allahverdiyev və həmin İdarənin Nərimanov rayon şöbəsinin müfəttişi Cahid Tahirov vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6 min manat məbləğində pulun bir qismini  rüşvət kimi alarkən cinayət başında yaxalanıblar.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, Azər Allahverdiyev və Cahid Tahirov şübhəli şəxs qismində tutularaq, onlara Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barələrində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Aparılmış istintaqla Azər Allahverdiyevin Cahid  Tahirovla cinayətkar əlaqəyə girməklə “Laçın Çörək Evi” adlı çörək istehsalı sexinə rəhbərlik edən vətəndaşdan vergi yoxlamalarından kənarda qalması, ümumi himayədarlıq, eləcə də, digər qanunsuz hərəkətlər müqabilində 2019-cu ilin iyul - avqust ayları ərzində ümumilikdə 3500 manat məbləğdə pulu rüşvət qismində istəyərək almasına, bundan əlavə 2020-ci ilin mart ayında Cahid Tahirovla birlikdə həmin sexə rəhbərlik edən vətəndaşdan öz qanunsuz hərəkətləri üçün 10 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəməsinə, nəticədə  isə 6 min manata razılaşmasına əsaslı şübhələr müəyyən edilib.

Reaksiya.az

Şərhlər