Tofiq Yaqublu ilə bağlı prezidentə müraciət edəcəyik - MİLLƏT VƏKİLİ
14.09.2020 13:47 Sosreaksiya 1249
“Tofiq Yaqublunun məsələsi hüquq çərçivəsində öz həllini tapmalıdır”.
Reaksiya.az xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O, T. Yaqublunun əfv ilə bağlı prezidentə müraciət olunması ilə bağlı təklif verdiyini bildirib:
“Düşünürəm ki, onun barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmdən verilən şikayətə apellyasiya instansiyasında obyektiv baxılacaq. Amma hər bir halda birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə qalarsa, bu zaman əfvlə bağlı prezidentə müraciət edilə bilər. Biz də təklif etmişik ki, Tofiq Yaqublunun azadlığa çıxması ilə bağlı şəxsən prezidentə müraciət edə bilərik. Amma hələlik apellyasiya məhkəməsinin qərarını gözləmliyik”.
Millət vəkili T. Yaqublunun haqsız yerə həbs olunduğu ilə bağlı fikirlərə də münasibət bildirib:
“Cəmiyyətimizdə məhkəmə qərarına birmənalı münasibət yoxdur. Hazırda əsas məsələ T. Yaqublunun azadlığa çıxmasından gedir. Bu məsələ boş tənqidlərlə yox, hüquqi yollarla həll olunmalıdır”, - deyə o bildirib.
Xatırladaq ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunaraq 4 il 3 ay azadlıqdan məhrum edilib. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyev bu barədə hökm çıxarıb. Elə həmin prosesdə T. Yaqublu aclıq aksiyasına başladığını bəyan edib.
Şərhlər