Vüqar Səfərli hər şeyi açıqladı: Qanunsuzluqları o edib!

16.09.2020 10:47     Sosreaksiya     578

KİV-ə Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbərliyinin fəaliyyəti dövründə yol verilmiş qanunsuz əməllərin istintaq araşdırması davam edir.

Reaksiya.az Yeniçağ.az-a istinadən xəbər verir ki, Fondun sabiq icraçı direktoru Vüqar Səfərlidən qanunsuz yollarla mənimsədiyi külli miqdarda dövlət vəsaitinin geri qaytarılması tələb olunur.

Məlumata görə, KİVDF-nin keçmiş rəhbərliyinin dövründə baş vermiş cinayət əməllərinin istintaqı zamanı yeni detallar aşkarlanıb.

KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli istintaqa verdiyi ifadədə özünü məsuliyyətdən kənarda saxlamaq üçün aşkarlanan qanunsuz əməlləri Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının ləğv edilmiş İctimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun tapşırığı ilə həyata keçirdiyini bildirib.

Qeyd olunur ki, mənimsədiyi dövlət vəsaitini geri qaytarmaq məcburiyyətində qalan Vüqar Səfərli zəruri məbləği toplamaq üçün paytaxtın Nərimanov və Nizami rayonlarında yerləşən otellərini və digər obyektlərini dəyər-dəyməzinə satışa çıxarıb. Lakin bununla da yarası sağalmayan Səfərli vəzifədə olduğu 12 il ərzində əlaqəni kəsdiyi qohumlarına belə borc üçün ağız açmalı olub.

Reaksiya.az

Şərhlər