Əli Əhmədov: T.Yaqublunun həyatı radikalların alətinə çevrilib

16.09.2020 12:57     Sosreaksiya     543

“Müxalifətin radikal qanadı düşdüyü siyasi koma vəziyyətindən Tofiq Yaqublu “faktoru” vasitəsilə çıxmağa çalışır. Siyasətin əxlaqla toqquşduğu çirkin hadisənin şahidləriyik. Törətdiyi cinayət tərkibli əməllərinə görə bütün prosedurlara uyğun olaraq məhkəmə hökmü ilə cəza almış müxalifətçi Tofiq Yaqublunun həyatı indi radikalların faydalanmağa çalışdığı alətə çevrilib".

Reaksiya.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədovun özünün rəsmi "Facebook" səhifəsində yazıb

Onun sözlərinə görə, bu gün üçün aktual olan müxalifətçinin elan etdiyi aclıqla əlaqədar səhhətində yaranmış problemlərin aradan qaldırılmasıdır:

"Dövlət öz üzərinə düşən vəzifənin yerinə yetirilməsində seçim etmir. Tofiq Yaqublunun sağlamlığının qorunması üçün lazım olan bütün tədbirlər görülür və görüləcək. Lakin təəssüf ki, əks düşərgənin mövqeyi insanın sağlamlığı deyil, ondan siyasi divident qazanmaqdan ibarətdir. Görünür, radikalları onların öz sıralarından olan birisinin həyatından daha çox, yaranmış vəziyyətdən faydalanmaq maraqlandırır”. 

Əli Əhmədov qeyd edib ki, insanın həyatını siyasətə qurban vermək siyasətin əxlaqi mahiyyətindən məhrum edilməsidir:

“Tofiq Yaqublunun barəsində çıxarılan məhkəmə hökmündən narazı qalmasına, onu həll etməyin məlum hüquqi prosedurları mövcuddur. Sağlamlığı hesabına hüquqa qalib gəlmək taktikasını düzgün seçim saymaq çox çətindir. Xüsusilə də, əgər bundan kimlərsə siyasi reytinqini yüksəltməyə çalışırsa.İnsanın həyatı və sağlamlığı heç bir halda siyasi alver və ya mübarizə predmeti olmamalıdır. Azərbaycanı bu cür çirkin siyasətdən qorumalıyıq”.

Reaksiya.az

 

Şərhlər