Hacıyev: Qüdrət Həsənquliyev dövlət məmuru olsaydı...
23.09.2020 22:09 Sosreaksiya 905
Azərbaycan ordusu heç vaxt qadınlarla və ümumiyyətlə, mülki şəxslərlə döyüş aparmayıb.
Reaksiya.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin "Azərbaycan ordusunun Ermənistan baş nazirinin həyat yoldaşını əsir götürmək üçün səbirsizliklə gözləyir" sözləri haqqında danlşarkən deyib.
"Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyalarını daim öz fəaliyyətində rəhbər tutub. Qadın, uşaq və yaşlı insanlara qarşı müharibə aparan və onları hədəfə alan məhz Ermənistan silahlı qüvvələridir. 2016-cı ilin aprel döyüşlərində, bu il 12 iyulda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş toqquşma zamanı biz bir daha bunun şahidi olduq. Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinin hədəfli şəkildə artilleriya atəşinə tutulması nəticəsində 76 yaşlı vətəndaşımız Əziz Əzizov həlak oldu.
Qüdrət Həsənquliyev təcrübəli siyasətçidir. Uzun illərdir Milli Məclisin üzvüdür. Hər kəs orduya və dövlətə ləkə yaxa biləcək təxribatçı açıqlamalardan çəkinməlidir.
Ümid edirik ki, hakimiyyətin qanunverici qanadı olan Milli Məclis tərəfindən qanunda təsbit olunmuş qaydada müvafiq tədbirlər görüləcək", - deyə H. Hacıyev bildirib.
Qeyd edək ki, Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Azərbaycan ordusunun Ermənistan baş nazirinin həyat yoldaşını əsir götürmək üçün səbirsizliklə gözlədiyini deyib.
Şərhlər