Körpə üzərində mürəkkəb əməliyyat aparıldı - FOTOLAR

13.08.2015 16:54     Sosreaksiya     2212

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında anadangəlmə inkişaf qüsuru olan uşaq üzərində bağırsaq əməliyyatı aparılıb.

Reaksiya.az-a ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, 38 həftəliyində 1 kiloqram 940 qram çəki ilə dünyaya gələn körpə bir gün sonra əməliyyat olunub. Saat yarım davam edən əməliyyat zamanı nazik bağırsaqda anadangəlmə inkişafüstü atreziyanın “3B” adlandırılan ən ağır forması aşkar olunub. Bu, nazik bağırsağın ən yuxarı hissələrinin atreziyasıdır. Belə ki, uşaqda inkişaf pozğunluğu nəticəsində bağırsağın hər iki ucunun kor qurtarması kimi patologiya aşkarlanıb. Təəssüf ki, digər atreziya formalarına nisbətən “3B” formasında ölüm göstəricisi daha yüksəkdir. Bu diaqnozla doğulan uşaqların 50-60 faizində ciddi fəsad və ya ölüm hallarına rast gəlinir.

Universitetin uşaq cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Vüqar Məhəmmədov əməliyyatın ümumi anesteziya altında aparıldığını və uğurla həyata keçirildiyini bildirib: “Əməliyyatdan sonra körpə neonatal intensiv terapiya şöbəsinə yerləşdirilib. Demək olar ki, çətin günlərimiz arxada qalıb. Hazırda uşağın vəziyyəti stabildir. Qarın boşluğundakı kateter çıxarılıb. Əgər problem yaranmasa, qidalanmanı tədricən artırmaqla xəstənin vəziyyətinin tam normallaşmasına nail olacağıq”.

Şərhlər

Çox oxunanlar