Rusiyadakı diasporumuz bəyanat yaydı

28.09.2020 10:49     Sosreaksiya     361

Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyası bəyanatla çıxış edib.

Reaksiya.az xəbər verir ki, bəyanatı akademik Fazil Qurbanov imzalayıb. Sənəddə qeyd edilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun sərhəd xətti boyunca yerləşən mövqelərini yenidən iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından şiddətli atəşə tutublar. Mülki əhali və hərbi qulluqçular arasında yaralananlar və həlak olanlar var.

Bəyanatda deyilir: “Ermənistan bir daha nümayiş etdirir ki, o, regionda sülhün və sabitliyin əleyhinədir. Rusiya Federasiyasının çoxmilyonlu azərbaycanlı diasporu, Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyası Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrinə və dinc sakinlərinə qərəzli və məqsədyönlü şəkildə hücumlarını qətiyyətlə pisləyir”.

Bəyanatda vurğulanır ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünü dəf etmək, mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün zəruri əks-hücum tədbirləri görür. Qeyd olunur ki, yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın siyasi rəhbərliyinin, şəxsən N.Paşinyanın və onun həmfikirlərinin üzərinə düşür.

Bəyanatda deyilir: “Biz Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan, bütün fəaliyyətini Azərbaycanın qabaqcıl ölkəyə çevrilməsinə və ərazi bütövlüyünün, suverenliyinin qorunub saxlanmasına həsr etmiş, bütün beynəlxalq səviyyələrdə Ermənistan rəhbərliyinin görünməmiş hərəkətlərinə və sözlərinə layiqli cavab verən İlham Əliyevin xarici siyasət kursunu tamamilə dəstəkləyir və bəyənirik.

Biz Rusiyanın və dünyanın mütərəqqi ictimaiyyətini Ermənistanın ali rəhbərliyi tərəfindən yürüdülən, istər region ölkələri və xalqları, istərsə də bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxara biləcək təhlükəli siyasəti qətiyyətlə pisləməyə çağırırıq!”

Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyası Azərbaycan xalqının həlak olmuş övladlarının ailələrinə dərin hüznlə başsağlığı verir.

Reaksiya.az

Şərhlər