Millət vəkilləri APA-ya müraciət etdi: erməni təxribatına...

29.09.2020 10:37     Sosreaksiya     510

Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyəti bu təşkilatın Baş katibinə və üzvlərinə məktub ünvanlayıb.

Nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva Reaksiya.az-a bildirib ki, məktubda sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini açıq şəkildə pozaraq, müxtəlif növ silahlardan istifadə etməklə Azərbaycan hərbi mövqelərinə və mülki vətəndaşların evlərinə növbəti dəfə hücum etməsindən bəhs olunub. Ermənistanın təcavüzkarlıq siyasətinin tarixcəsinə toxunulan məktubda aktiv döyüşlərin başlanmasına görə bütün məsuliyyətin Ermənistanın üzərində olduğu vurğulanıb.

Məktubda, müraciətdə deyilir:

“Cəbhə bölgələrində və Ermənistan sərhədləri ilə yanaşı yaşayan mülki əhalimizin həyatı üçün əndışə və dərin bir narahatlıq hiss etdiyimiz üçün Azərbaycan Respublikasının AРA-dakı parlament nümayəndə heyətinin üzvləri olaraq diqqətinizi atəşkəsin Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən kobud şəkildə pozulmasına yönəltmək istəyirik.

Beləliklə, 27 sentyabr 2020-ci il tarixində, saat 06.00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini açıq şəkildə pozdu və iri çaplı silahlardan, minaatanlardan və toplardan istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv hücum etdi: Cəbhə xətti, həmçinin Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qarvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndləri atəşə tutuldu.

Ermənistanın silahlı qüvvələri tərəfindən cəbhə boyu yerləşən Azərbaycanın sıx məskunlaşmış mülki əraziləri qəsdən hədəf alındı. Mülki əhali və hərbi qulluqçular arasında ölü və yaralılar var. Bir çox evə və mülki infrastruktura böyük ziyan dəymişdir. Ermənistan silahlı qüvvələri cəbhə boyu mövqelərimizi və yaşayış sahələrimizi bombalamaqla davam edir.

Ermənistanın qəsdən yaşayış məntəqələrini və mülki əhalini hədəfə alması 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüququ kobud şəkildə pozur. Dinc əhalini hədəf almaq Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş bir taktikadır və 1992-ci ilin fevral ayında baş vermış Xocalı soyqırımı bunun bariz sübutudur.

Beynəlxalq qanuna görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərinə, mülki şəxslərə və mülki infrastruktura qarşı böyük çaplı silahlardan istifadə etməsi Ermənistanın növbəti hərbi təcavüzü və Azərbaycana qarşı güc tətbiqetmə aktıdır. Azərbaycan beynəlxalq ictimaiyyətə Ermənistanın Azərbaycana qarşı yeni bir təcavüz və müharibəyə hazırlaşdığı barədə dəfələrlə xəbərdarlıq etmişdi.

Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təcavüzü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olması regional sülh və təhlükəsizlik üçün əhəmiyyətli bir təhlükə olaraq qalır.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının davam etdiyi bir vaxtda və dünya COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir zamanda Ermənistanın siyasi-hərbi rəhbərliyi növbəti hərbi təxribata əl atdı. Bununla Ermənistan rəhbərliyi beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq birliyə kobud bir sayğısızlıq göstərdi.

Əminik ki, millət vəkilləri olaraq əvvəlcə sülh tərəfdarı olmalıyıq, əsas məqsədimiz insanlar arasında əməkdaşlığı inkişaf etdirərək Yer üzündə sülhü və sabitliyi qorumaq üçün qlobal parlament dialoqunu təşviq etmək olmalıdır. Bu hədəflərə çatmaq üçün qlobal və regional sülhü, sabitliyi və rifahı pozan hər hansı bir hərəkət və təxribatı qınamaq və kədərləndirmək üçün kifayət qədər qətiyyətli olmalıyıq.

Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, Asiya Parlament Assambleyasını Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüz və işğal siyasətini qətiyyətlə pisləməyə çağırırıq. Ermənistan Respublikasının rəhbərliyi mövcud vəziyyət üçün iki ölkənin cəbhə bölgələri və sərhədləri ilə birlikdə tam və tək məsuliyyət daşıyır”.

Reaksiya.az

Şərhlər