Tərtərə atılan top mərmisi mülki maşına ziyan vurdu

01.10.2020 10:45     Sosreaksiya     434

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, oktyabrın 1-i saat 8:30 radələrində düşmənin növbəti dəfə atdığı top mərmilərindən ikisinin Tərtər şəhər avtovağzalına düşməsi nəticəsində rayon sakini Yavər Sadıqovun "Opel" markalı avtomobilinə də ziyan dəyib.

Y.Sadıqov bildirib ki, hadisə zamanı avtomobilin içərisində olmayıb:

"Biz top mərmisinin düşdüyü ərazinin yaxınlığında yerləşən çayxanada idik".

Qeyd edək ki, işğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 01.10.2020-ci il tarixdə saat 09 radələrində Tərtər şəhər avtovağzalına düşmüş top mərmisinin qəlpələrindən 1982-cı il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu həlak olub, avtovağzala ciddi ziyan dəyib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanılıb.

Reaksiya.az

Şərhlər