”Uşaq Fondu” ilə bağlı cənab Prezidentə müraciət

06.06.2015 11:10     Sosreaksiya     950

“125-lər Siyasi Klubu”nun sədr müavini Günel Səfərova prezident İlham Əliyevə müraciət edərək ölkədə ”Uşaq Fondu”nun yaradılmasını istəyib.

Reaksiya.az xəbər verir ki, Günel Səfərova müraciətində belə bir fondun Azərbaycanda yaradılmasının zəruri olduğunu bildirib: 

"Azərbaycan Respublikasında iki milyondan çox uşaq yaşayır. Rəsmi məlumata əsasən bu uşaqlardan 62000 nəfəri əlilliyi olan, 10000 nəfərə yaxın internat və uşaq evlərində dövlət himayəsində böyüyən, 2000-dən çox küçədə yaşayıb işləyən, 300.000-dən çoxu məcburi köçkün ailələrində yaşayan uşaqlardır. Azərbaycan Respublikasının Milli Məclisi “Uşaq Hüquqları Haqqında” qanunu  1998-ci ildə qəbul etmişdir.  2006-ci ildə isə  ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılıb. 

Uşaq müdafiə siyasətinin icrasında dövlət qurumlarına dəstək verən qeyri-hökumət təşkilatlarında uzunmüddətli fəaliyyətim və təcrübəm Azərbaycanda Uşaq Fondunun yaradılmasına ehtiyac olduğunu söyləməyə əsas verir. Beləki, ölkəmizdə sosial statusundan irəli gələrək dövlət müəssisələrinə (uşaq evləri, internatlar) atılma riski altında olan ailələrə təcili və birdəfəlik yardım göstərən təşkilatların sayı çox azdır və ya onların fəaliyyəti az sayda uşağı əhatə edir.  Birbaşa çalışdığım aztəminatlı ailələrin çox saylı müraciətlərini əsas götürərək ”Uşaq Fondu”nun yaradılması ilə bağlı qərar verməyinizi Sizdən xahiş edirəm". 

Şərhlər

Çox oxunanlar