Füzuli atəşə tutuldu - İcra hakimiyyətinin binasının yaxınlığına da mərmi düşdü
04.10.2020 10:53 Sosreaksiya 471
Cəbhənin Füzuli istiqamətində vəziyyət gərgin olaraq qalır. Ermənistan silahlı qüvvələri yenə də mülki əhalini hədəfə alıb.
Reaksiya.az Musavat.com- a istinadən xəbər verir ki, oktyabrın 4-də gecə saatlarında nisbi sakitlik olub. Amma bu gün səhər saat 07:00-dan 09:00-a qədər düşmən Horadiz şəhərini raket atəşinə tutub.
Atılan top mərmilərindən biri Gənclər Evinin qarşısına - Füzuli Rayon İcra Hakimiyyətinin yaxınlığına düşüb. Nəticədə Gənclər Evinə zərər dəyib.
Düşmənin top mərmilərindən biri də Olimpiya İdman Kompleksinin yaxınlığına düşüb. Kompleksə müəyyən qədər zərər dəyib.
Bundan başqa, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) regional bazasının qarşısına da top mərmisi düşüb.
Həmçinin axşam və səhər saatlarında düşmən Füzulinin Şükürbəyli, Alıxanlı kəndlərini də top mərmiləri ilə hədəfə alıb.
İlkin məlumata görə, mülki əhali arasında itki yoxdur.
Azərbaycan Ordusunun əks-həmləsi davam edir.
Qeyd edək ki, dünən axşam saatlarında Beyləqan rayonunun ermənilər tərəfindən raket atəşinə tutulması barədə xəbər vermişdik. Bu gün verilən rəsmi məlumata görə, Beyləqan rayon sakini olan iki bacı - 1976-cı il təvəllüdlü şəhər sakinləri İsmayılova Zülfiyyə İsgəndər qızı və bacısı 1998-ci il təvəllüdlü Əsədova Arzu İsgəndər qızı yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olub. İki mülki şəxs isə xəsarət alıb.
Şərhlər