"Bahalı nömrələri satanlar vergidən yayınır" - Ekspert

14.08.2015 15:10     Sosreaksiya     2833

Nazirlər Kabinetinin yeni qərarına əsasən telefon nömrələrinin satışı, digər operatorlara daşınması və nömrələrin addan-ada keçirilməsi prosesi tamamilə avtomatlaşdırılaraq ”Elektron hökümət” portalı üzərindən həyata keçiriləcək. Nömrələrin satışı ilə bağlı proseslərin elektronlaşdırılmasının əsas məqsədlərindən biri nömrə satışı zamanı yol verilən bir çox pərakəndə proseslərin sistemləşdirilməsi, eyni zamanda, mövcud qüsurların aradan qaldırılmasıdır.  

Bu məsələyə ekspert Azər Həsrət öz münasibətini bildirib.

O, reaksiya.az-a dövlətə dəxli olmayan xidmətin dövlətin əlinə keçirilməsinin anlaşılmaz olduğunu vurğulayıb: "Çünki mobil operatorların hamısı özəldir və dövlətdən lisenziya alıb. Elə həmin lisenziya bu şirkətlərə nömrələrin satışı, qeydiyyata alınması xidmətlərini həyata keçirməyə imkan verir".

Azər Həsrət açıqlamasında başqa bir maraqlı məqama toxunub: "Bəzi nömrələrin qiyməti minlərlə manatla ölçülür. Belə nömrələrin satışında vergidən yayınma halları müşahidə olunur. Avtomatlaşdırılmış xidmət sayəsində isə belə nömrələrin satışından gələn vergi gəlirlərinin birbaşa dövlət büdcəsinə keçəcək".

Ekspert belə satışlardan vergilərin əldə olunması üçün başqa alternativ üsul təklif edir: “Sıradan mobil nömrələrin satış qiyməti 0-10 manat arasında dəyişir. Amma xalq arasında “bərk gedən” adlanan nömrələrin qiyməti baha olur. Bu nömrələrin satışından əldə edilən pul bir qayda olaraq vergidən yayındırılır.  Burda əslində dövlət haqlıdır. Ola bilər ki, bu xidməti elektron hökümət portalına  həvalə etməklə vergilərin toplanmasını təşkil etmək istəyirlər. Amma düşünürəm ki, satış funksiyasını  elektron hökümətə vermək əvəzinə, qanuni auksiyonlar təşkil etmək yaxşı olar”.

Beynəlxalq təcrübədən misal çəkən ekspert qeyd edib ki, bu nümunə ərəb ölkələrində var: "Varlı ərəb ölkələrində avtomobillərin dövlət nömrə nişanları, həm də bahalı mobil nömrələrin satışı üçün  auksionlar təşkil olunur.  Beləliklə, vergidən yayınmaq hallarının da qarşısını almağa da müvəffəq olurlar". 

Şərhlər

Çox oxunanlar