Adil Qeybulla: “Döyüş bölgələrinə ilk növbədə hərbi həkimlər getməlidir”

13.10.2020 09:36     Sosreaksiya     585

“Ehtiyac olarsa, mülkü həkimlər də cəlb olunacaqlar”.

Vətən müharibəsinin 16-cı gününü yaşayırıq. Hər kəsin diqqəti cəbhəyə yönəlib. Döyüş bölgəsindən müxtəlif xəbərlər alırıq. Düşmən tərəfin böyük itkilərə məruz qaldığı bildirilir. Əlbəttə, müharibənin də öz qanunları var, torpaqların əldə olunması uğrunda gedən döyüşlərdə mütləqqanlar tökülməlidir. Döyüşlər zamanı Azərbaycan da şəhidlər verir və yaralılar var.

Vətən müharibəsində həkimlərin də adı və zəhməti qeyd edilməlidir. Tarixdə bir çox müharibələrin qalibiyyətlə nəticələnməsinin bir səbəbi də məhz peşəkar hərbi həkimlərinin olması ilə əlaqələndirilir.

Azərbaycan Respublikası Prezidentinin 25 may 2000-ci il tarixli sərəncamı ilə ordunun hərbi tibbi kadrlara olan ehtiyacını ödəmək üçün Tibb Universitetinin bazasında hərbi tibb fakültəsi yaradılıb. Bu sərəncam Azərbaycan Silahlı Qüvvələrini tələbata uyğun olaraq professional hərbi həkimlə, orta tibb ixtisaslı hərbi feldşerlərlə təmin etmək məqsədi daşıyır. Buraya eyni zamanda hərbi həkim kadrların təkmilləşdirilməsi, adyunktura və rezidentura fəaliyyəti, hərbi tibbi elmi kadrların yetişdirilməsi və digər mühüm tapşırıqlar daxil edilib.

Bəs görəsən, hazırda döyüşlərdə hərbi cərrahlarımız yetərincədirmi? Azərbaycanın məşhur cərrahları cəbhə bölgəsinə könüllü olaraq tibbi xidmət üçün gedirlərmi? Həkimlərin cəbhə bölgəsinə çağırılması hansı qaydalar əsasında həyata keçirilir?

Döyüşlərə yalnız hərbi həkimlər getməlidirmi? Mülkü həkimlərin də getməsi lazımdırmı?

Reaksiya.az xəbər verir ki, mövzu ilə bağlı ekspertlər “Yeni Müsavat”a öz fikirlərini bildiriblər.

“Bəzi cərrahlar cəbhə bölgəsindən şəkil qoyub, özlərini reklam edir...”

Bizimlə söhbətdə həkim-ekspert, professor Adil Qeybulla bildirib ki, müharibəyə gedənlər arasında məşhur cərrahlar da var: “Özlərini reklam edənlər də var, sosial şəbəkədə şəkil qoyurlar, onlara əhəmiyyət vermək lazım deyil. Cəbhə bölgəmizdə xeyli həkimimiz var. Onlar Müdafiə Nazirliyinin xətti ilə rəsmi olaraq ezam olunublar. İstər cəbhəyanı hospitallarda, istərsə də digər hospitallarda yetərincə həkimlərimiz var. Bilirsiniz ki, iki həkimimiz şəhid olub, yaralıları çıxardıqları zaman. Ikisi də cavan cərrahlarımız idi. Digər cərrahlarımız da işi ilə məşğuldur, nəinki reklamla. O baxımdan da hesab edirəm ki, bu məsələ tam nəzarətdədir”.

A.Qeybulla onu da əlavə edib ki, hazırda yaralıların bir qismi Tibb Universitetinin klinikasında yerləşdirilib: “Tibb ictimaiyyəti bu və ya digər şəkildə müharibəyə cəlb olunub. Xeyli insanlar özləri ora ləvazimat aparırlar. Könüllü gedirlər. Xeyli özəl sektorun həkimləri var ki, hərbi hospitalda könüllü olaraq kömək edirlər. Bunlar hamısı reklam üçün deyil. Lazım olsa əlavə həkimlər də cəlb olunacaq, tibb ictimaiyyəti bu prosesdə aktiv iştirak edəcək”.

A.Qeybulla qeyd edib ki, döyüş bölgələrinə ilk növbədə hərbi həkimlər getməlidir, ehtiyac olarsa, mülki həkimlər də cəlb olunacaqlar.

Həkim-psixoloq Azad İsazadə hazırda cəbhə bölgəsində kifayət qədər hərbi həkimin olduğunu deyib: “Bölgələrdə də hospital var, Bakıda da Mərkəzi Hərbi Kliniki Hospital var. Sözsüz döyüşlər gedən zaman yaralıların axını çoxalır deyə, iki istiqamətdə iş aparılır. Yaralıları bəzən mülki xəstəxanalara yerləşdirirlər, döyüş bölgəsində yerlərdə həkim çatmırsa, ehtiyatda olan həkimlər çağırılır. Vaxtilə Tibb İnstitutunu bitirən, yaşı çox olan insanlar vardı, hərbi zabit rütbələri var, ehtiyat zabit kimi onlar da çağırıla bilər. Son illər Tibb Universitetinə zabit həkim hazırlamırdılar. Amma ehtiyac olsa onları da çağıra bilərlər. Söhbət yalnız cərrahlardan getmir. Tibb bacıları da, feldşerlər də tələbat olanda çağırılırlar. Qismən səfərbərlik elan olundu, bunun çərçivəsində sözsüz hansı peşələr lazım olsa, onlar da çağırılacaqlar. Ümumiyyətlə, iki təyinatlı peşələr var, həkimlər də bura daxildir. Onlar həm hərbi, həm də mülki həkim kimi işləyə bilərlər. Iki təyinatlı peşəyə malik olanlar, istər rabitə, istər sürücü və digərləri müharibəyə çağırılırlar”.

“Güllə, mərmi yarasını adi yaradan ayırmağı bacarmalıdır...”

A.İsazadə hərbi cərrahiyyə adlı ayrıca bir elmin olduğunu diqqətə çatdırıb: “Tibb İnstitutunda o vaxt bunlar ayrı kafedralar idi, eyni zamanda hərbi sanitariya kafedrası da var idi. Ondan başqa hərbi səhiyyədə təşkilat məsələləri var, evakuasiya təşkilat məsələləri var. Bunu Tibb İnstitutunda nəzəriyyə formasında keçirdilər. İnstitutu bitirəndə bir aylıq təcrübə üçün həkimləri hərbi toplanışlara çağırırdılar. İlkin hərbi səhiyyə anlayışları var. Sözsüz ki, hərbi cərrahiyyə adi cərrahiyyədən bir az fərqlənir. Onun da öz xüsusiyyətləri var. 1990-cı ildə bizdə hərbi həkim az idi. Əsas yaralılara yardım göstərən mülki həkimlər idi, hansılar ki, hərbi forma geyinib getmişdilər, onların da xeyli təcrübəsi yaranmışdı. Güllə yarası adi yaradan fərqlidir, mərmi yarası da digər yaralardan fərqlidir. Onların xüsusiyyətləri var, mülki xəstəxanalardan gələn həkimləri təlimlərdə tez bir zamanda hazırlayıb döyüş bölgəsinə göndərmək olar”.

Reaksiya.az

Şərhlər