Uşaqlar niyə intihar edir? - Ekspertlərin rəyi

14.08.2015 16:16     Sosreaksiya     2472

Azərbaycanda 2008-ci ildə 58, 2009-cu ildə 54, 2010-cu ildə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə isə 71 uşaq intihar edib. Əhalinin hər 100 min nəfərinə düşən intihar hallarının sayı 0,6 təşkil edir.

İntihar hallarının statistikasının ilbəil artması, xüsusilə də intiharın, uşaqlar və yeniyetmələr arasında daha çox baş verməsi problemin dərinləşməsindən xəbər verir.

Reaksiya.az mütəxəssislərlə intihar hallarının artması səbəblərini araşdırıb.

“125 -lər” siyasi hərəkatının sədr müavini Günel Səfərova intihar hallarının sosial yox, psixoloji problem kimi qiymətləndirib: “Bunun kökündə duran səbəblərdən biri maarifləndirmə işinin zəif aparılmasıdır. Yeniyetmələrin intihar halları son zamanlar çoxalıb. Burada əsas iş həm də valideynlərin üzərinə düşür. QHT-lər bu işin aparılmasında əsas rol oynaya bilərlər. Problemin köklü həllinə məktəblərdə, universitetlərdə psixoloji mövzularda seminarların təşkili təkan ola bilər. İnsanlar üçün psixoloji mərkəzlər əlçatan deyil və bu xidmət bahadır. Dövlət müəssisələrində isə  psixoloji xidmət demək olar ki, yoxdur. Dunyanın ən inkişaf etmiş ölkələrində belə intihar halları çoxdur. Azərbaycanda bu sahədə təcili dövlət siyasəti işlənməlidir”.

Psixoloq Vəfa Rəşidova isə intihar hallarının əsasən ailədən gələn problemlərdən qaynaqlandığını bildirib: “Ailədə şiddət yaşayan və yaxud daim aşağılanan insan təbii ki, özünə inamsız və stressə davamsız olaraq formalaşır. Fərd normal şəkildə cəmiyyət üçün formalaşmadığından digər yollara əl atır. Məsələn, taksomaniya, narkomaniya kimi aludəçilik formaları yaranır. Digər səbəblərdən biri də fərdin özünü cəmiyyətdə, ailədə yarasız hiss etməsidir. Bu səbəbdən fərd depresiyaya uğrayır və depressiyanın sonu da intiharla nəticələnir. Depressiya zamanında tədavi olunmadıqda intihar halları da çoxalmağa başlayır”.

Vəfa Rəşidova psixoloqların intihar hallarının azaldılması məqsədilə həyata keçirdiyi tədbirlərə də toxunub: “Qarşılaşdıqları psixoloji problemləri həll etmələri üçün insanlara psixoloq köməkliyi mütləqdir. Psixoloqlar bu istiqamətdə mütəmadi olaraq maarifləndirmə işləri aparırlar. Bəzən elə hallar yaşanır ki, intiharın səbəbi diqqət çəkmək istəyi olur. Fərd yaxınlarının, cəmiyyətin diqqətini özünə yönəltmək üçün intihar edəcəkmiş kimi görünür. Bəzi hallarda da intihar edəcək insan kimi görünmək də intiharla nəticələnir”.

Psixoloq intihara cəhd edənlərə ilk yardımın məhz ailələrindən gəlməli olduğunu vurğulayıb: “Əgər intihar edən şəxsi hadisədən sonra danışdırmaq imkanımız olsaydı, mütləq şəkildə peşimançılıq hissi ilə çıxış etmiş olardı. Əslində, intihar “insanın hayqırtısıdır”, “məni anlayın”, “mən də insanam” deməsidir. İntihar edənlər cəmiyyətdə özləri ilə mübarizədən yan keçən insanlardır. Onun üçün də belə insanlara ailələri dəstək olmalı, ayaqda qalmağa daim yardım göstərməlidir”.

Şərhlər

Çox oxunanlar