Deputatın “türk malları alaq” kampaniyasına dəstək

13.10.2020 17:41     Sosreaksiya     481

Ötən gün millət vəkili, iqtisadçı Vüqar Bayramov Türkiyənin Qarabağ müharibəsində Azərbaycana birmənalı dəstəyindən dolayı müəyyən siyasi-iqtisadi təzyiqlərlə üzləşdiyini və bunun da Türkiyə iqtisadiyyatına təsirsiz ötüşməyəcəyini qeyd edərək, vətəndaşları alış-veriş zamanı yerli mallarla yanaşı, türk mallarına üstünlük verməyə səsləyib. Maraqlıdır, ölkəyə daha çox Türkiyə mallarının gətirilməsini və satışını təmin etmək üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov həmkarının təklifini dəstəkləyərək bildirib ki, türk mallarının ölkəmizdə satışını daha çox təmin və təbliğ etmək lazımdır:

“Düzdür, bəzi mallar var ki, onlar Türkiyədə istehsal edilmir və yaxud digər ölkələrlə uzunmüddətli kontraktlarımız var və hazırda onun dəyişdirilməsi mümkün deyil. Amma hər bir azərbaycanlı türk mallarına üstünlük verməlidir. Həmçinin sahibkarla türk mallarının ölkəyə gətirilməsinə və satışına daha çox diqqət ayırmalıdır”.

Deputat Rüfət Quliyev də həmkarının təklifini tam rasional adlandırıb:

“Həm Türkiyə iqtisadiyyatına xeyir məqsədilə, həm də qardaş xalqın dəstəyinə cavab olaraq Azərbaycanın türk mallarının alınmasına üstünlük verməsinin tərəfdarıyam. Bütün dünya türk mallarının keyfiyyəti barədə xəbərdardır. Azərbaycan idxalının böyük hissəsi qardaş Türkiyəyə aid olmalıdır. Onun təbliğatı və təşviqatı daha da geniş aparılmalıdır. Bu məsələyə istənilən formada dəstək olmalıyıq”.

Reaksiya.az

Şərhlər