Azərbaycana dost və düşmən ölkələr - Deputat adlar sadalayıb

13.10.2020 17:45     Sosreaksiya     643

Hərbi əməliyyatların nə qədər çəkəcəyini demək çətindir. Hesab edirəm ki, yaxın zamanlarda məsələ öz həllini tapacaq. Ancaq biz üstünlüklərimizi inkişaf etdirməliyik ki, sabah danışıqlar prosesində daha üstün mövqeyə malik olaq.

Reaksiya.az xəbər verir ki, bu fikirləri Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Qarabağdakı hərbi əməliyyatlar haqqında danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistan humanitar atəşkəs rejiminə bir gün belə əməl etmədi. Nəticədə hərbi əməliyyatlar davam edir.

Deputat, Azərbaycanın bu ağır günündə ona dost olan və olmayan ölkələr haqqında da suala cavab verərək adlar çəkib.

Fazil Mustafaya görə, bu istiqamətdə əslində necə düşünürdüksə, o da baş verib:

“Mən deyərdim ki, gözlədiyimiz baş verdi. İlk olaraq şimal qonşumuzu qeyd etmək yerinə düşər. Onlar faktiki olaraq bitərəfliyini qorudu, ən azı beynəlxalq hüquqa sayğılı olduğunu nümayiş etdirdi. Bu, bizim üçün qanedicidi mövqedir.

Digər qonşumuz İranın da bu məsələdə tutduğu mövqe qaneedici oldu. Bu ölkə də beynəlxalq hüquqa uyğun davrandı.

Hesab edirəm ki, bizə dəstəkdən daha çox ölkələrin beynəlxalq hüquqa hörmət etməsi vacibdir. Məncə, bu, bizim üçün yetərlidir”.

F. Mustafa bildirib ki, Qarabağ münaqişəsinin indiki ağır dönəmində Türkiyə Azərbaycanı birmənalı dəstəkləyib. Onun sözlərinə görə, bu, gözlənilən hadisə və proqnoz edilən haldır:

“Sözsüz ki, Pakistanın da adını qeyd etmək lazımdır. Bu ölkə də Azərbaycana dəstəyini ifadə edib.

Eləcə də qonşu Gürcüstanı qeyd edərdim.

Ukrayna və Əfqanıstan, eləcə də Macarıstanın adını çəkmək mümkündür”.

Deputatın fikrincə, bu münaqişə zamanı Fransa birmənalı mövqeyini ortaya qoyub:

“Bəli, biz Fransadan Azərbaycana xoş gəlməyən, beynəlxalq hüquqa zidd mövqe gördük. Amma Fransa elə Liviyada da buna bənzər mövqe tutub.

Mənə görə, bu prosesdə Almaniya da faktiki tərəfsizliyini pozub. Bu onu göstərir ki, adıçəkilən ölkə beynəlxalq hüquqa hörmətsiz yanaşıb”.

Reaksiya.az

Şərhlər