Gəncə terroru: yaralılardan daha biri vəfat etdi
24.10.2020 11:33 Sosreaksiya 453
Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluqdan Reaksiya.az-a verilən məlumata görə, 24.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Goranboy və Tərtər rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulmuşdur.
Bu gün saat 10 radələrində Erməni silahlı qüvvələri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olmuşdur.
Bundan başqa, bu gün saat 09 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə top mərmilərinin düşməsi nəticəsində Yaqubov Qafqaz Bəhmən oğlu və Şirinov Bəylər Zahid oğluna məxsus fərdi yaşayış evlərinə külli miqdarda ziyan dəymişdir.
Həmçinin, 17.10.2020-ci il tarixdə düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış 2007-ci il təvəllüdlü Mayakov Artur Ramiz oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat etmişdir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
Şərhlər