Azərbaycanlı ziyalılar Ərdoğana müraciət etdi

30.10.2020 15:50     Sosreaksiya     4583

Türkiyə Respublikası prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikası prezidenti hörmətli İlham Əliyev cənablarına M Ü R A C İ Ə T

Bu, bizim car Rusiyasının 1828-ci ildə işğal etdiyi İrəvan xanlığının varisləri, hazırkı Ermənistan ərazisinin aborigen xalqı, İrəvan Türk Cümhuriyyətinin qurucuları və vətəndaşlarının dünya dövlətləri liderlərinə çağırışıdır:

Rus imperiyasının Qafqazdakı türk torpaqlarının işğal planını həyata keçirmək üçün ortaya atılmış “erməni məsələsi” İ-ci Pyotrun 1724-cü ildə ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd, Bakı, Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya imperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində “beşinci kolon” rolunu oynayacaqdılar. I Nikolayın 1828-ci il Qacar dövləti ilə imzaladığı Türkmənçay müqaviləsi ilə İrəvan xanlığı işğal edilərək ləğv edilir və onun ərazilərində “erməni vilayəti” yaradılır. “Erməni vilayəti” İrəvan indiki İran ərazisindən ermənilərin Azərbaycan torpaqlarında kütləvi yerləşdirilməsi üçün əsas ərazil oldu. Müqavilənin nəticəsi kimi 40000 erməni türk torpaqlarına köçürüldü. 1828-ci ildə Ədirnə sülhünün nəticələrinə görə Osmanlı ərazilərində yaşayan 90000 erməni də Azərbaycanın o vaxtkı ərazilərinə köçürüldü. Ayrıca, Amerikalı alim Justin McCarthy-nin “Turks and Armenians: A Manual on the Armenian Question” əsərində göstərdiyi rəqəmlərə görə, 1828-1920- ci illər arasında Azərbaycanın o vaxtkı sərhədləri daxilindəki torpaqlara 560 min erməni köçürülmüşdür. Bununla da Şərqi Qafqazın ruslar tərəfindən işğalı nəticəsində Azərbaycan torpaqlarında-Araz çayının şimalında erməni əhalisi sürətlə artırıldı və ermənilər çar Rusiyasının köməyi ilə türk torpaqlarında erməni koloniyaları yaratdılar. Qədim türk yurdu Zəngəzur da bu cür süni yaradılmış erməni məskəni olmağa məruz qalıb. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar vasitəsi ilə bu mahalda yarım milyona yaxın yerli türk əhali həlak olmuşdur. 1918-ci ilin mart ayına qədər İrəvan quberniyasında 199 türk-azərbaycanlı kəndi dağıdıldı və bu prosesdən sonra İrəvan quberniyası ərazisində erməni dövlətinin yaradılması, sonra da Azərbaycanın digər ərazilərinə qarşı torpaq iddiası mərhələsi başladı.

Çar Rusiyasının çöküşündən sonra Qafqazda 1918-ci illərdə müstəqil dövlətlərin yaranması prosesi başladı. 1918-ci il Batum konfransında Osmanlı dövlətinin Çar Rusiyasına verdiyi ultimatumda o vaxt rus imperiyasının sərhədlərinə daxil olan

Azərbaycan əraziləri- Naxçıvan qəzası (Ordubad istisna olmaqla), Şərur-Dərələyəz qəzasının Şərur hissəsi, İrəvan qəzasının Kəmərli (Gərnibasar), Uluxanlı (Zəngibasar) və Vedibasar bölgələri daxil idi. Osmanlının yeni yaranmış erməni dövləti üçün Qarsdan sonra siyasi mərkəz ola biləcək Aleksandropolu (Gümrünü) da tələb etməsi Azərbaycanı yeni ərazi itkiləri faktı qarşısında qoymaq demək idi.

Aleksandropol türklər tərəfindən tutulduqdan sonra ermənilərə siyasi mərkəz olaraq İrəvanın verilməsi məsələsi gündəmə gəlmişdi. Osmanlı siyasi dairələri İrəvanı güzəştə getmək istəməsələr də, ermənilər bu məsələ üzərində israrla dayanmışdılar. Ya yeni yaradılmaqda olan erməni dövləti üçün siyasi mərkəz olaraq ya Aleksandropol ermənilərə verilməli, ya da İrəvan müsəlmanlardan alınıb onlara verilməli idi.

Bu dövrdə Bakı Sovet Rusiyasının əlində idi. 1918-ci ilin Mart qırğınını törətməklə Bakıda hakimiyyəti ələ keçirən bolşevik-daşnak alyansı Azərbaycanın digər qəzalarında da türk-müsəlman əhalisinə qarşı bu qırğın əməllərini davam etdirməkdə idi. Paralel olaraq, Azərbaycanın Qarabağ, Naxçıvan və Zəngəzur bölgələrində də erməni quldur dəstələrinin müsəlmanlara qarşı törətdikləri qırğınlar, vəhşiliklər davam etməkdə idi. Batum konfransının nəticəsində Azərbaycan “Aleksandropol quberniyası hüdudlarında” erməni dövləti yaradılmasına və İrəvan şəhərini ermənilərə güzəştə getməyə razı olmağa məcbur oldu, lakin bu şərtlərlə: ermənilər Qarabağa olan iddialarından əl çəkəcəklər; erməni terrorçu dəstələrinin türk-müsəlman əhalisini qətliamı durdurulacaq; Ermənistan hökuməti İrəvanda və ətrafında yaşayan müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, ictimai və siyasi fəaliyyət, ana dilində təhsil almaq hüquqlarını təmin edəcək; Ermənistan respublikası Azərbaycanla vahid konfederativ dövlətdə birləşmək üçün çalışacaq.

Batumdakı türk heyəti Azərbaycan torpaqları hesabına ermənilərin lehinə bir sıra ərazi güzəştlərinə gedərək, İrəvan şəhərinin də daxil olduğu Yeni Bəyazid və Eçmiədzin bölgələrindən ibarət bir Ermənistan dövlətinin qurulmasını təsdiqlədi.

1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Lord Kerzonun təklifi ilə Paris konfransının ali şurasında Azərbaycan istiqlalını de-fakto tanımaq haqqında yekdilliklə qərar qəbul olundu. Etnik Azərbaycan türklərinin yaşadıqları ərazilər təqribən 150 min kv. km. həcmində olsa da, 1918-ci ildə Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan dövləti yaradıldı. Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi. 1920-ci ildə

Ermənistan Respublikasının ərazisində-İrəvan və ətraf ərazilər- sovet hakimiyyəti qurulan kimi Sovet Rusiyasının Xalq xarici işlər komissarı Çiçerinin, eləcə də Lenin, Stalin və Orconikidzenin təzyiqi ilə Zəngəzur iki yerə parçalandı — Laçın, Qubadlı, Zəngilan Azərbaycan SSR-in tərkibində qaldı, Gorus şəhəri daxil olmaqla Zəngəzurun 4504,4 kv.km qərb hissəsi, 1921-ci ildə Şərur-Dərəlləyəz qəzası və Göyçə dairəsi ilə birgə Zəngəzurun yuxarı hissəsi, cəmi 11 min kv.km ərazi ermənilərə peşkəş edildi.

Sovet dönəmində indiki Ermənistan ərazisində türk yer adları erməniləşdirildi, türk-müsəlman məscidləri və tarixi abidələri dağıdıldı. Azərbaycanlı-türk əhali sovet Ermənistanının dövlət siyasəti ilə sıxışdırıldı ki, doğma torpaqlarını tərk etməyə məcbur olsun. 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək SSRİ, ABŞ və İngiltərənin iştirakı ilə keçirilən Tehran konfransında Sovet-İran münasibətləri müzakirə edilərkən, gələcəkdə "Böyük Ermənistan" dövləti yaratmaq xülyasında olan ermənilər əlverişli şəraitdən istifadə edərək, SSRİ xarici işlər naziri V.Molotova müraciət edib, İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə icazə istəmişdilər. V.Molotov məsələ ilə bağlı İ.Stalinlə danışdıqdan sonra onların Ermənistan SSR ərazisinə köçürülməsinə razılıq vermişdi. 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi ilə bağlı Fərman verdi. Ermənilərin Ermənistan SSR-ə repartasiyası "Daşnaksutyun" partiyasının 1947-ci ilin iyununda keçirilmiş XIV konqresinin qəbul etdiyi qərarlarla bilavasitə bağlı idi. Bu qərarlarda isə deportasiyanın "azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması və Ermənistan sərhədlərinin genişləndirilməsi" şəraitində baş verdiyi iddia edilirdi və Qriqorian kilsəsi də xeyir-duasını vermişdi. Beləliklə, azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən türk kökənli əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı qərar verdi. Qərarın axırıncı, II maddəsində ayrıca göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin köçürülməsi ilə əlaqədar onların evlərində xaricdən gələn erməniləri yerləşdirsinlər. Ümumiyyətlə, Ermənistan SSR-də 1948-53 illərdə etnik təmizləmənin bu mərhələsində 100 min nəfərdən çox azərbaycanlı zorla köçürüldü və onların hər üç nəfərindən biri aclıq və xəstəlikdən həlak oldu.

Ən son deportasiya hadisəsi isə 1988-ci ildə etnik türklərin vəhşicəsinə qətliamı ilə müşayiət olunaraq ermənilər tərəfindən aparıldı. Ermənilər nə Batum müqaviləsinə əməl etmədilər, nə də Sovet Rusiyasının Azərbaycandan alıb ermənilərə bağışladığı torpaqlar xatırlanmadı. Bu torpaqların etnik təmizlənməyə məruz qalmış yerli türk xalqından nə İrəvanın ermənilərə bağışlanması zamanı əhaliyə soruşulmadı, nə də sovet dövlətinin 1920-ci ildə Zəngəzuru Ermənistana bağışlayarkən, 1948-53-cü il deportasiyası zamanı türk əhalinin fikri nəzər alınmadı. Referendum keçirilmədi. Azərbaycan hansı həcmdə ərazi ilə SSRİ-yə daxil edilmişdisə, eyni ərazi sahəsi ilə də SSRİ-dən ayrılmalı idi. Azərbaycanın tarixi torpaqlarında Ermənistanın qurulması hekayəsi belə baş verib. İndi biz-bu torpaqların həqiqi varisləri dünya dövlətlərinin daxil olduğu beynəlxalq təşkilatlardan tələb edirik ki, 1918-ci il Batum konfransının tələbləri yerinə gətirilsin, həmçinin Azərbaycan 1920-ci il Paris Sülh Konfransında müstəqiliyini hansı ərazi həcmində elan etmişdisə bu ərazilərin yenidən Azərbaycana qaytarılması müzakirəyə gətirilsin və eyni ərazilərdə suverenliyi təmin olunaraq 1918-ci il sərhədləri bərpa olunsun!

İmza:

Aqil Səmədbəyli, siyasətçi

Abil Babaoğlu, həkim, “Sözbir” hərəkatı başkanı

Pəri İsaqova, müəllimə Şükürova Ülviyyə, jurnalist

Nigar Ögeday, yazar Pənah Məmmədzadə

Elturan Musayev, yazar Gülnarə Zeynallı, iqtisadçı

Yavər Bayramov, iqtisadçı Akif Pirəliyev Gülməmməd oğlu

Şakir Həsənov, iş adamı Püstə Quliyeva

Rzayeva Zülfiyyə Əli qızı Əskərova Lətifə Qasım qızı

İmanov Vahid Yengibar oğlu Vəliyev Habil Arif oğlu

Validə Muradverdiyeva

Surxay Əsgərov

Süleymanov Vüsal

Abil Rizvanoğlu Şükürov

Məkurə Yasinova Ələmşah qızı, Krasnoselo rayonu Gölkənd kəndi

Qasımov Kamran Mehralı oğlu, Göyçə mahalı, Toxluca kəndi

Əskərov Nəriman Qasım oğlu, Vedibasar rayonu

Əsgərov Qurban İsabalı oğlu, Göyçə mahalı, Ardanış kəndi

Yusubov Yusif Mustafa oğlu, Noyemberyan rayonu, Lənbəli kəndi

Novruzov Daşqın Salman oğlu, Qafan rayonu Gıqı kəndi

Qasımov İntiqam Əziz oğlu, Göyçə mahalı Basarkeçər rayonu, Qayabaşı kəndi

Qasımov Xəqani Əziz oğlu, Göyçə mahalı Basarkeçər rayonu, Qayabaşıkəndi

Talıbov Rizvan Rəşid oğlu, Krasnoselo rayonu Yanıqpəyə kəndi

Cəfərov Ravil Nadir oğlu, Zəngəzur Mehri rayonu, Nüvədi kəndi

Mahmudov Mahmud Sarvan oğlu.

Reaksiya.az

Şərhlər