Seysmoloji Xidmətdən İzmirdəki zəlzələ ilə bağlı - Açıqlama

30.10.2020 21:55     Sosreaksiya     584

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən afterşoklar Azərbaycan Milli Elmlər Akademiyası nəzdində (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Seysmik Monitorinq Şəbəkəsi tərəfindən də qeydə alınıb. Hazırda qardaş ölkədə baş verən zəlzələ ilə bağlı müşahidələrimizi davam etdiririk.

Reaksiya.az xəbər verir ki, bunu mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

"Bizim bu sahədə qardaş ölkənin müvafiq qurumları - Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Kandilli Rəsədxanası ilə ikitərəfli əməkdaşlığımız və məlumat mübadiləmiz var. Türkiyənin bir çox bölgələri, eləcə də Egey dənizi bölgəsi seysmik baxımdan aktiv zonadır. Vaxtaşırı həmin bölgədə güclü və hiss olunan zəlzələlər baş verir. Bu gün baş verən zəlzələ də Egey dənizi zonasında olub ”, - deyə Q.Yetirmişli bildirib.

Professor İzmirdəki zəlzələ zamanı insan tələfatının və yaralıların olmasına görə kədərləndiyini və qardaş Türkiyə xalqının yanında olduqlarını bildirib: “Türkiyə bizim təkcə qonşu və yaxın əməkdaşlıq etdiyimiz dövlət deyil. Türkiyə bizim qardaş ölkəmizdir. Ulu Öndərimizin dediyi kimi, biz “bir millət, iki dövlətik”. Son hadisələr zamanı bunu bütün dünya da bir daha gördü. Ona görə də türk qardaşlarımızın kədəri bizim kədərimizdir. Düzdür, zəlzələ təbii fəlakətdir və onun qarşısını almaq mümkün deyil. Biz Türkiyəyə və qardaş türk xalqına əmin-amanlıq arzu edirik. Dualarımız Türkiyədəki qardaşlarımızladır. Allah Türkiyə dövlətini və xalqını qorusun!”

Reaksiya.az

Şərhlər